Sübh04:25
Günəş06:20
Zöhr13:37
Əsr17:33
Məğrib20:54
İşa22:33
Cümə namazı: 14:00
Bütün ayın cədvəli

ALLAHIN HÖKMÜ İLƏ HÖKM VERMƏMƏK HAQQINDA - 2

Sayta qoyulub: 21:44 30.03.2006 [9826 dəfə oxunub]
Hərf ölçüsü:

Həqidətən də günümüzün ən problemli məsələsi olan və bu məsələdən bəzi fikir daşıyıcılarının sui istifadə etdiyindən sizə:
"Allahın hökmü ilə hökm verməmək məsələsi Quran, sünnə və sələf alimlərinin sözləri işığında!" adlı, - Ikinci məqaləni çatdırmaq istəyərdik.

Ikinci qayda:

Əsası, möhkəm şəriət mənbələri, Quran, sünnə və sələf alimlərinin sözləri üzərində qoyulmuş bu qaydaya əsasən biz qoyulma qanunları halal görmədən və ya Allahın qanunlarını inkar etmədən, qoyulma qanunlarla hökm verənlərin etdikləri əməli küfrün İslamdan çıxaran əməli küfr olub olmadığını öyrənməliyik.
Deyəcəyimiz cavablar, mötəbər və müdrik İslam alimlərinin cavabları olacaqdır. Bu alimlərin bəzilərinin sözlərini birinci qayda haqda danışarkən qeyd etmişdik. Onların rəyinə görə bu əməl kiçik küfr, zülm və fasiqlik sayılır. Həmçinin ən böyük günahlardan da sayılır. Əlbəttə ki, onlara görə Allahın hökmünü təkzib, inkar və təhqir edib onunla hökm veməyənlər, qoyulma qanunlarla hökm verməyi halal və onu İslam şəriətindən daha üstün görənlər, digər tərəflə, qoyulma qanunlarla hökm verən, lakin bununla belə Allahın qanunları ilə hökm verməyin vacibliyini, onun digər qanunlardan üstün olmasını etiqad edənlər, nəfslərinin istəkləri, vəzifə və ya asilik üzündən onunla hökm verməyənlərlə bir ola bilməzlər.
 Tavus Ibn Abbasdan rəvayət edərək deyir: o, bu ayənin təfsirində demişdir: "Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər" ayədə deyilən küfr xəvariclərin dedikləri küfr deyildir .
 İbn Abbas demişdir: "Bu küfr İslamdan çıxaran küfr deyildir".
 İbn Abbas demişdir: "Bu böyük küfrdən aşağı mərtəbədə olan küfrdür, Bu böyük zülmdən aşağı mərtəbədə olan zülmdür, Bu böyük fasiqlikdən aşağı mərtəbədə olan fasiqlikdir".
 Tavus deyir ki, mən İbn Abbasdan soruşdum: Allahın nazil etdiyi qanunlarla hökm verməyən kafirdirmi? O dedi: "Bu küfrdür, lakin bu cür küfr Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə edilən küfrdən deyildir".
 Tavus deyir: "Ayədə deyilən küfr İslamdan çıxaran küfr deyildir".
 İbn Tavus deyir: "Ayədə deyilən küfr, Allaha, mələklərinə, kitablarına, və peyğəmbərlərinə edilən küfrdən deyildir".
 Əta Ibn Rəbah deyir: "Bu böyük küfrdən aşağı mərtəbədə olan küfrdür, bu böyük zülmdən aşağı mərtəbədə olan zülmdür, bu böyük fasiqlikdən aşağı mərtəbədə olan fasiqlikdir".
 Əli İbn əl-Hüseyn demişdir: "Bu küfr şirk küfrü, şirk fasiqliyi və şirk zalimliyi kimi deyildir".
 Ismail Ibn Səid deyir: Mən Əhməd Ibn Hənbəldən ayədə deyilən küfr haqda soruşdum və o dedi: "Bu küfr, İslamdan çıxaran küfr deyildir".
 Əbu Ubeyd əl-Qasim İbn Səllam deyir: Bu məsələ (Allahın qanunları ilə hökm vermək) haqda Qurandan dəlil bu ayədir: "Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər" (əl-Maidə: 44). Ibn Abbas bu ayənin təfsirində demişdir: "Bu küfr İslamdan çıxaran küfr deyildir". Əta Ibn Rəbah isə demişdir: "Bu böyük küfrdən aşağı mərtəbədə olan küfrdür". Bununla aydın olur ki, əgər bu əməl İslamdan çıxarmırsa, deməli günahlara bulansa da o adamda dinin əsası hələ durmaqdadır. Bu kafirlərin əxlaqındandır. Çünki Allahın qanunları ilə hökm verməmək kafirlərin əxlaqlarındandır. Heç bu ayəni eşitməmisən: "Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər?..." (əl-Maidə: 50). Təfsir alimlərinin dediklərinə görə ayənin mənası belədir: "Kim qoyulama qanunlarla hökm verərsə İslamdan çıxmaz. Lakin verdiyi bu hökmə görə cahiliyyət dövründəkilərə bənzəyir. Çünki cahiliyyət vaxtı da insanlar belə hökm verərdilər".
 Ibn Bətta əl-İbanə kitabında deyir: "Fəsil: Insanı İslamdan çıxarmayan günahlar." Bu fəslin daxilində sadaladığı günahlardan biri də Allahın qanunları ilə hökm verməməkdir. O, bu günahın kiçik küfr və ya insanı İslamdan çıxarmayan günah olduğunu səhabələrdən və tabiinlərdən rəvayətlərlə əsaslandırmışdır.
 Əl-Vahidi deyir: Bir çox alimlər deyiblər: Üç ayə (yəni, əl-Maidə: 44, 45 və 47) kafirlər, Allahın hökmünü dəyişən yəhudilər haqda nazil olmuşdur. Bunun müsəlmanlara aidiyyatı yoxdur. Çünki müsəlman böyük günah etməsinə baxmayaraq ona kafir deyilmir".
 Ibn Atiyyə deyir: "Elm əhlinin çox hissəsi demişlər: "Ayə Allahın qanunları ilə hökm verməyən hər bir adama aiddir. Lakin bu ümmətin hakimlərinin belə etmələri onları İslam və imandan çıxarmayan küfr və asilikdir".
 Ibn əl-Ərabi deyir: "Bu müxtəlifdir. Özündə olan qanunu "Bu Allahın qanunudur" deyərək təqdim edərsə bu küfrdür. Çünki bu (Allahın qanunu digəri ilə) dəyişmək sayılır. Əgər o bu qanunla nəfsinə uyaraq və asilik edərək hökm verərsə bu günahdır. Əhli Sünnənin üsullarına görə belə günahların bağışlanması mümkündür.
 Əbu Həyyan deyir: "Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər" (əl-Maidə: 44). Ayə yəhudilərə xitab olunsa da onun zahiri mənası hamıya, həm bu ümmətə həm də əvvəlki ümmətlərə aiddir. Ayənin hamıya aid olmasını deyənlər: Ibn Məsud, İbrahim ən-Nəxai, Əta Ibn Yəsar və digərləri. Lakin ayədə deyilən küfr, böyük küfrdən aşağı mərtəbədə olan küfrdür, böyük zülmdən aşağı mərtəbədə olan zülmdür, böyük fasiqlikdən aşağı mərtəbədə olan fasiqlikdir. Yəni, müsəlmanın küfr etməsi kafirin küfr etməsi ilə eyni deyildir. Onun küfrü, zülmü və fasiqliyi onu İslamdan çıxarmır. Bunu İbn Abbas və Tavus belə deyirlər".
 Xazin deyir: "Bir çox təfsir alimləri buyurublar: Üç ayə (yəni, əl-Maidə: 44, 45 və 47) kafirlər, Allahın hökmünü dəyişən yəhudilər haqda nazil olmuşdur. Çünki müsəlman böyük günah etməsinə baxmayaraq ona kafir deyilmir. Bu İbn Abbasın, Qatədənin və Dəhhakın rəyidir. Bu rəyin doğru olmasına dəlil Bəra İbn Azibdən rəvayət olunan hədisdir....".
 Imam Şatibi "əl-Muvafəqat" kitabı (4\ 39)-da deyir: "Bu və sanrakı iki ayə (yəni: əl-Maidə surəsinin 44, 45 və 47-ci ayələri) kafirlər, Allahın hökmünü dəyişən yəhudilər haqda nazil olmuşdur. Bu ayədə İslam əhlinə (müsəlmanlara) aid olacaq bir şey yoxdur. Çünki müsəlmana böyük günah etməsinə baxmayaraq kafir deyilmir".
 Hafiz İbn Həcər "Fəthul Bari" kitabı (13\ 120)-də deyir: "Ayələrin nazil olma səbəbi əhli kitab olmasına baxmayaraq, həmin ayələr digər insanlara da aiddir. Lakin bütün bunlar şəriətin qoyduğu qaydalar çərçivəsində olmalıdır. Məsələn, şəriətin qaydalarına görə günah edən insana kafir və ya zalim deyilmir. Çünki zülm sözü şirk sözü kimi təfsir edilmişdir...".
 Əl-Eyni deyir: Bu və sonrakı iki ayə (yəni, əl-Maidə: 44, 45 və 47) kafirlər, Allahın hökmünü dəyişən yəhudilər haqda nazil edilmişdir. Bunun İslam əhlinə (müsəlmanlara) aidiyyatı yoxdur. Çünki müsəlman böyük günah etməsinə baxmayaraq ona kafir deyilmir".
 Bu sözün eynisini Qurtubi də demişdir: "Bu ayələrin hamısı kafirlər haqda nazil edilmişdir. Bu Səhih Müslim kitabında Bəra İbn Azibin hədisində qeyd edilmişdir. Alimlərin çoxu bu rəydədir. Amma müsəlman etdiyi böyük günaha görə kafir sayılmır"
 Bu sözün eynisini Şovkani və Siddiq Həsən Xan da demişlər.
 Ibn Cuzey deyir: "Bir çox alimlər demişlər: bu ayə Allahın hökmü ilə hökm verməyən hər bir kəsə, Yəhudiyə, müsəlmana və digərlərinə aiddir. Lakin müsəlmanların etdikləri küfr böyük günahdır və bu onları İslamdan çıxarmır".
 Ibn Teymiyyə Allahın hökmü ilə hökm verməyi inkar etmədən, başqa hökmlə hökm verməyi halal görmədən, nəfsinin istəyinə uyaraq və asilik edərək Allahın hökmü ilə hökm etməyənləri, kafir hesab etməyərək buyurur: "Müəyyən cəza məhdudiyyəti və ya bağışlanması olmayan günahlar məsələn, yad qız və qadınları öpən kişi, yad qadınla oynaşmaq, haram olan şeyləri yemək, yalandan şahidlik etmək, Allahın hökmünü tərk edib başqası ilə hökm vermək, camaata xəyanət etmək... və s. bu kimi günahlar".
Burada İbn Teymiyyə (Allah ona rəhmət etsin!) Allahın hökmünü tərk etməyi böyük günahlardan sayır.
Onun tələbəsi İbn əl-Qeyyimin (Allah ona rəhmət etsin!) sözü də aydındır. Əvvəlki fəsildə onun sözünü qeyd etmişdik. Burada bizə lazım olan hissə, "Allahın hökmünü tərk edib başqası ilə hökm vermək və namazı tərk etmək, əməldə edilən küfrdən sayılır".
Ibn əl-Cövzinin sözü də əvvəldə qeyd olunmuşdu. "Allahın hökmünü inkar etmədən, nəfsinə uyaraq onunla hökm verməsə həmin adam zalim və fasiqdir...".
"Təhaviyyə Əqidəsi" kitabının şərhçisi Ibn Əbul Izz deyir: "Əgər Allahın hökmü ilə hakimlik etməyin vacibliyini etiqad edər, bu hökmü tərk etdikdə onu əzab gözləyəcəyini və həmin məsələnin də qanununu bildiyi onu tərk edərsə bu adam asidir. Ona kafir adını yalnız məcazi mənada və ya kiçik küfr etdiyini demək olar...".
Şinqitinin sözü: Allahın hökmü ilə hökm verməyən adam özünün bu əməli ilə haram və qəbahətli bir iş etdiyini dərk edən adamın küfrü, zülmü və fasiqliyi onu İslamdan çıxarmır".
Əbdüllətif Ibn Əbdürrəhman Əluş Şeyx "Minhacut Təsis" kitabı (səh: 71)-də buyurur: "Quran və sünnəyə zidd olan şəriətə istinad etmək haram sayılır... Əsası nəfsi istəklər və rəylər olan hər bir hökm bura daxildir. Kim belə hökmlərlə hökm etməyi halal edərsə (yalnız bu halda) o kafirdir. Allah təalə buyurur: "Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!" (əl-Maidə: 44). Bəzi təfsir alimləri bu ayənin təfsirində buyurublar: Burada qəsd olunan küfr böyük küfr deyil, ondan sonrakı mərtəbədə olan kiçik küfrdür. Çünki onlar bu ayədən belə başa düşüblər ki, dedikləri həmin hökm halal görməyənə aiddir. Lakin (Allahın hökmündən başqası ilə hökm verməyi) halal görənin kafir olmasında isə ixtilaf etmirlər".
Əbdürrəhman əs-Sədi "Teysirul Kərim ər-Rəhman" kitabı (2\ 296- 297)-də buyurur: "Allahın nazil etmədiyi bir qanun ilə hökm vermək küfr əhlinin əməlindəndir. Bu küfr öz sahibini bəzi hallarda, belə hökm ilə hökm verməyin halal olduğunu etiqad etdikdə İslamdan çıxarar. Digər hallarda isə böyük günahlardan və küfr əməllərdən hesab edilir. Belə edən adam şiddətli əzaba düçar olar."
"Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!" (əl-Maidə: 44). Ibn Abbas (r.a.) bu ayənin təfsirində buyurur: "Bu böyük kürfdən aşağı mərtəbədə olan (kiçik) küfrdür, bu böyük zülmdən aşağı mərtəbədə olan (kiçik) zülmdür, bu böyük fasiqlikdən aşağı mərtəbədə olan (kiçik) fasiqlikdir". Bu hökmü halal görərkən böyük zülm olur. Buna, halal görmədən, əməl etmək isə böyük günah sayılır".
"Allahın hökmünü tərk edib başqası ilə hökm verməyi halal görən adamın zülmü böyük zülmdür. Amma bunu halal görməyən isə böyük günah sahibidir".
Siddiq Həsən Xan əl-Qənnuci "Əd-Dinul Xalis" kitabı (3\ 305)-də buyurur: "Bu ayə onların kafir olduqlarını qeyd edir. Bu, Allahın hökmü ilə hökm verməyən hər kəsi əhatə edir. Yalnız məcburiyyət və laqeydlik üzr kimi sayıla bilər. Əgər bu cür müstəsna hallar qeyd edilməsə, onda hökm edənlərdən heç kəs bu küfrdən və daimi cəhənnəm odundan qurtula bilməz".
Məhəmməd Ibn Ibrahim Ali əş-Şeyx "Məcmuul Fətava" kitabı (1\ 80)-də buyurur: "Həmçinin Məhəmmədən rəsuləllah kəlməsi də bu cür həyata keçirilir. Onu həyata keçirmək üçün Peyğəmbərin (s.a.v.) şəriəti ilə hökm vermək, ona bağlanmaq, bu şəriətə zidd olan hökmlər və s. əməllərlə razılaşmamaq lazımdır. Kim belə qanunlarla (yəni, qoyulma qanunlarla) hökm verərsə, yaxud bu qanunlara, onların doğru və mümkün olduğunu etiqad edərək, müraciət edərsə artıq İslamdan çıxmış sayılar. Əgər o bunu etiqadsız və mümkünsüz edərsə belə adam yalnız əməli küfr etmiş sayılır. Belə küfr öz sahibini İslamdan çıxarmır".
Həmçinin iki imamın Ibn Bəzzin və Albaninin sözlərini də əvvəldə qeyd etmişdik.
Dediyimiz bu və digər alimlər Allahın hökmünü tərk edib başqası ilə hökm verən hakimlər haqda ümumi bir qayda olaraq belə deyirlər: "Nəfsinin istəklərinə uyub, asilik üzündən, qorxudan və ya nəyəsə nail olmaqdan ötrü, Allahın hökmünü tərk edib başqası ilə hökm verərsə, amma Allahın hökmünü inkar etməz və başqasını da halal görməzsə, belə halda o böyük günah, haram bir iş sahibi olar. Onun küfrü asilik küfrü, yaxud, İslamdan çıxarmayan əməli küfrdür".
Haqq olmayan yerdə, zəlalət və batildən başqa nə ola bilər!!!