Sübh04:25
Günəş06:20
Zöhr13:37
Əsr17:33
Məğrib20:54
İşa22:33
Cümə namazı: 14:00
Bütün ayın cədvəli

İBN TEYMİYYƏNİN YEZİD İBN MÜAVİYƏ HAQQINDA FƏTVASI

Sayta qoyulub: 19:17 02.04.2006 [14700 dəfə oxunub]
Hərf ölçüsü:

Günümüzün aktual və həssas məsələlərindən biri də Yezid İbn Müaviyə haqdadır.
Bu məqalədə Şeyxul İslam İbn Teymiyyə (a.r.e.) Yezid İbn Müaviyə haqda keçmiş alimlərin və öz mövqeyini bildirmiş, hər bir müsəlmanın ona qarşı münasibətinin necəliyini qeyd etişdir.
Onun cavabı çox gözəl və əhatəlidir. Ağıl sahibi və haqqı axtaran üçün kifayət edən bir məqalədir. Allah bizi dində sabitqədəm etsin... Amin!

Yezdi İbn Müaviyə əhli sünnə və camaat mizanında!

Hər bir müsəlman şəxs öz dinini gözəl bilməli və onun ipindən möhkəm tutmalıdır.
Səhabələr arasında olan və çox dərinlərə gedən ixtilaflara hər bir müsəlman insaf və ədalətlə yanaşmalıdır. Elə Şeyxul İslam Əbdül Həlim İbn Teymiyyə (a.r.e.) "Məcmuul Fətava" adlı kitabında bu məsələ haqda danışdıqdan sonra çox geniş yayılmış, şişirdilmiş və ya yalnış məlumat verilmiş bir məsələ: Yezid və onun əməlləri - haqda belə demişdir:
Rafizilər səhabələri söyür və buna görə də alimlər səhabələri söyən hər bir kimsənin cəzalandırılması fətvasını vermişdilər. Vaxt keçdikcə hətta səhabələri kafir hesab edənlər də meydana çıxdılar...
O zamanlar heç kəs Yezid İbn Müaviyənin əleyhinə danışmazdı. Heç onun əleyhinə danışmağı savab hesab etmirdilər. Amma müəyyən hadisələr baş verdikdən sonra bəziləri Yezidi lənətləyir, bəlkə də bununla digərlərini də lənətləmək üçün bir qapı kimi istifadə edirdilər. Lakin Əhli Sünnə alimləri müəyyən bir adamın lənət edilməsini bəyənməmişlər. Yezidə lənət oxunduğunu eşidən bəzi sünnə adamları Yezidin əməlisaleh və müdrik olmasını etiqad etdilər.
Hər iki tərəf öz fikirlərində həddini aşmış oldular. Bir tərəf deyir ki, o kafir və zındıqdır. Kafir olarkən öldürülmüş babaları: Utbə İbn Rabiə, əl-Valid və b.-nın qisasını almaq üçün Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) qız nəvəsini, ənsarları və onların övladlarını qətl etmişdir. Həmçinin onun içki düşgünü olması və çirkin işlərlə məşğul olmasını deyirlər. Digəri tərəf isə deyir ki, o ədalətli, doğru yolda olan bir rəhbərdir. O səhabə və ya böyük səhabələrdəndir. O Allahın vəlilərindəndir. Hətta iş o yerə çatıb ki, bəziləri onun Peyğəmbərlərdən olmasını da iddia etmiş və demişlər: Kim Yezid haqda tərəddüd edərsə Allah təalə də onu cəhənnəm odu üzərində saxlayar... Bir müddət sonra Rafizilər öz düşmənçiliklərini biruzə verib bir çox fitnələrə səbəb oldular.
Lakin Yezidə mənfi və ya müsbət mənada münasibətində həddini aşmış hər iki tərəfin dedikləri, Elm və İman camaatının dediklərinə ziddir.
Yezid Osman İbn Əffanın (a.r.o.) xilafəti dövründə doğulmuş və o heç Peyğəmbəri (Ona və ailəsinə Allahın salat və salamı olsun!) görməmişdir. Alimlərin yekdil rəyinə görə o səhabə, məşhur elm və adlı-sanlı əməlisalehlərdən olmamışdır. O sıravi bir gənc müsəlman idi. O nə kafir nə də zındıq olmayıb. Atasından sonra bəzi müsəlmanların razılığı, bəzilərinin isə narazılığı ilə xilafətə varis olmuşdur. Onda əliaçıqlıq və şücaətlilik mövcud idi. Həmçinin onun əleyhinə olanların uydurduğu kimi, heç də çirkin işlərlə məşğul olmazdı.
Yezidin xilafəti zamanı çox böyük hadisələr baş vermişdir:
Birinci: Hüseynin (a.r.o.) qətlə yetirilməsi. Yezid Heseyni (a.r.o.) qətlə yetirməyi əmr etməmiş, onun ölümü ilə sevinməmiş, əlində olan ağacla da dişlərinə vurmamışdır. Heç Hüseynin (a.r.o.) başı Şam vilayətinə də daşıdılmamışdır.
Lakin Yezid Hüseynin (a.r.o.) Kufəyə gəlməsinin qarşısını: hətta döyüşlə də - almağı əmr etmişdir. Onun naibləri isə onun bu əmrinə əlavə etdilər. Şümr Zil-Cövşən adlı bir nəfər Ubeydullah İbn Ziyadı Hüseyni (a.r.o.) öldürməyə təhrik etdi və o da Hüseynə (a.r.o.) qarşı öz ədavətini göstərdi. Hüseyn (a.r.o.) onlardan üç şey: Ya Yezidin yanına getməyi, ya cəbhə bölgəsinə cihada getməyi yaxud da Məkkəyə dönməyi - tələb etdi. Lakin onlar buna mane oldular və Ömər İbn Sədə onu öldürmək əmri verildi sonra onu və bəzi ailə üzvlərini məzlum vəziyyətdə qətlə yetirdilər. Allah Heseyndən və onun ailəsindən razı olsun!.
Hüseyn və ondan əvvəl Osmanın (Allah onlardan razı olsun!) qətli ümmətdə baş verən fitnələrin ən böyük səbəbi oldu. Onları qətlə yetirənlər isə Allah təalə yanında ən şər insanlardır.
Hüseynin (a.r.o.) qalan ailəsini Yezid İbn Müaviyənin yanına gətirdikdə onlara qarşı qonaqpərvər oldu və sonra onları karvanla Mədinəyə yola saldı. Hətta Yezidin, Abdullah İbn Ziyadı: Hüseyni (a.r.o.) qətlə yetirdiyi üçün - lənətlədiyi də rəvayət olunur. Yezid deyərdi: "Mən İraq camaatından Hüseyni (a.r.o.) tətlə yetirmədən razı olardım". Lakin buna baxmayaraq Yezid əslində ona vacib olduğu halda, Hüseynin (a.r.o.) qətlinə qəti etirazını camaada bildirməmiş, onun qısasını almamış və tərəfini saxlamamışdır. Bundan sonra alimlər Yezidə: vacib işləri və digər şeyləri tərk etdiyinə görə - irad tuturdular. Lakin Yezidə düşmənçilik bəsləyənlər isə ona qarşı çox böhtanlar uydururlar.
İkinci: Mədinə camaatı Yeizidin itaətindən imtina etmiş beyəti (əhdi) pozmuş, onun Mədinə üzərində olan valisini və ailələrini də şəhərdən çıxarmışdılar. Yezid də oraya qoşun göndərmiş və əmr etmişdi ki, Mədinə camaatına üç gün vaxt versin əgər yenə də inadkarlıq etsələr onda oraya üç günlük qılıncla daxil olsun. Qoşun da Mədinəyə daxil olur, öldürdüklərini öldürür dağıtdıqlarını dağıdırlar. Insanların namuslarını təhqir edirdilər. Sonra ikinci qoşunu Məkkə şəhərinə göndərmiş və şəhəri mühasirəyə almışdılar. Şəhər mühasirədə olan vaxt Yezid vəfat edir. Bunlar da Yezidin əmri ilə edilən zülmkarlıqdandır.

Bu iki səbəbə görə Əhli sünnə və camaat deyir: Yezid nə sevilmir nə də söyülmür. Saleh İbn Əhməd İbn Hənbəl (a.r.e.) deyir: Atama dedim: Bəziləri Yezidi sevdiklərini deyirlər. Atam dedi: Oğlum! Allaha və axirət gününə iman gətirən kimsə Yezidi sevərmi?. Dedim: Ata! Bəs nə üçün ona lənət oxumursan? Atam dedi: Oğlum! Sən atanın, kimisə lənətlədiyini görmüsən?.
İmam Əhməddən (a.r.e.) başqa bir rəvayətə görə bir nəfər ondan soruşur: Yeziddən hədis rəvayət edirsənmi? O, xeyr! Məyər, Mədinə camaatına əzab verən o deyildimi?! - deyərək cavab verdi.
Yezid, müsəlman alimlərinin gözündə Krallardan biridir. Onu əməlisalehlər, Allah dostları kimi sevməz, nə də söyməzlər. Ümumiyyətlə müsəlman alimlər müəyyən müsəlmanın lənətini əsla sevməzlər. Buxarinin səhih kitabında Ömər İbn Əlxəttabdan (a.r.o.) nəql olunan rəvayətdə deyilir: "Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) vaxtında bir kişi var idi və hamı onu eşşək adlandırırdılar. O çox sərxoşluq edirdi. Hər dəfə Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) yanına gətirildikdə döyülərdi. Camaatın arasında bir nəfər dedi: Allah ona lənət etsin, onu Peyğəmbərin yanına nə çox gətirirlər! Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) buyurdu: Ona lənət oxuma! Çünki o, Allah və rəsulunu sevir".
"Bununla bərabər Yezid çoxlu zülm etdiyinə görə bəzi sünnülər onun lənətlənməsinə icazə vermişlər".
"Digər tərəf isə onun sevilməsini deyirlər. Çünki o müsəlmandır, səhabələrin vaxtında hakimiyyət başına gəlmiş və hamı ona beyət etmişdir (hakimiyyətini tanımışdır). Həmçinin deyirlər ki, onun haqqında deyilən mənfi fikirlərin heç biri doğru deyildir. Onun bir çox yaxşı işləri olmuş, yaxud etdiyi işlərində ictihad etmişdir".
Lakin ən doğru münasibət alimlərin tutduğu mövqedir: Ona xüsusi sevgi bəslənmir və ya lənət edilmir. Əyər o zalim və fasiq olubsa Allah təalə zalim və fasiqin günahını bağışlaya bilər. Əlaxüsus yaxşı əməlləri çoxluq təşkil edən adamın zülmünü bağışlayar. Buxari öz səhih kitabında Abdullah İbn Ömərdən (a.r.o.) Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) belə buyurduğunu rəvayət edir: "Konstantinopola hücum edən ilk qoşunu Allah təalə bağışlayacaqdır". Həmin qoşunun sərkərdəsi də Yezid İbn Müaviyə idi. Onun qoşununda səhabələrdən Əbu Əyyub əl-Ənsari (a.r.o.) də var idi.

Diqqət!!! Yezid İbn Müaviyə əmisi Yezid İbn Əbu Sufyan ilə səhv salına bilər. Yezid İbn Əbu Sufyan (a.r.o.) qabaqcıl səhabələrdən, Hərb ailəsinin (yəni, öz nəsillərinin) ən xeyirlisi idi. Əbu Bəkr (a.r.o.) öz xilafəti dövründə Şam fəthlərində onu qoşuna əmir kimi təyin etmiş və Mədinədən çıxarkən Əbu Bəkr (a.r.o.) özü atının yədəyindən tutub onu yola saldıqda demişdir: Ey Peyğəmbərin xəlifəsi! Sən də miniklə ged yoxsa mən də düşüb piyada gedəcəyəm. Əbu Bəkr (a.r.o.) dedi: Sən minikdə mən isə aşağıda deyiləm. Mən Allah yolunda addımlayıram. Yezid İbn Əbu Sufyan (a.r.o.) şam fəthlərindən sonra, Ömər İbn Xəttabın (a.r.o.) xilafəti dövründə vəfat etdikdə Ömər onun yerinə qardaşı Müaviyəni (a.r.o.) Şama vali təyin etdi. Sonra Osmanın (a.r.o.) xilafəti dövründə Müaviyənin Yezid adlı oğlu dünyaya gəldi. Sonra Müaviyə məşhur tarixi hadisələrə qədər Şamda qaldı.
Hər bir müsəlmana yaraşan vacib əməl, deyilənlərlə kifayətlənmək və müsəlmanları Yezid İbn Müaviyə ilə sınağa çəkməməlidir. Bu əməl Əhli Sünnə və Camaatın əqidəsinə zidd olan bidətlərdəndir. Bu səbəblərə görə bəzi cahillər Yezid İbn Müaviyənin səhabə, böyük əməlisalehlərdən və ədalətli rəhbər olduğunu etiqad etmişlər. Bu isə açıq-aşkar xətadır. (Məcmu əl-Fətava, 3, 409-414.)***

R.Muradlı.