Sübh05:53
Günəş07:24
Zöhr12:54
Əsr15:56
Məğrib18:24
İşa19:44
Cümə namazı: 13:00
Bütün ayın cədvəli

Allahın nazil etdiyi ilə hökm verməyənlər barəsində

Sayta qoyulub: 00:23 20.08.2007 [3012 dəfə oxunub]
Hərf ölçüsü:

Rəhimli və mərhəmətli Allahın adı ilə

İbn Teymiyyə (Allah ona rəhmət etsin) "Minhəcus sünnə" əsərində səhabələr haqda danışarkən "Allahın nazil etdiyi ilə hökm verməyənlər" məsələsinə də toxunmuşdur. O demişdir: "Uca Allah buyurur: "Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər! İçərisində Allahın hökmü olan Tövrat əllərində ola-ola səni necə (nə üzlə) hakim təyin edir, sonra da ondan (sənin Tövrata müvafiq verdiyin hökmdən) üz çevirirlər? Onlar iman gətirmiş (mömin) kimsələr deyildirlər. Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır.

(Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar (peyğəmbərlər, din alimləri və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasını) şahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər! Biz (Tövratda İsrail oğullarına) yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır. Lakin hər kəs (qisası) bağışlasa, bu onun üçün bir kəffarədir (Allah onun günahlarının üstünü örtüb bağışlar. Və ya zərərdidə qisası bağışlasa, bu, cani üçün bir kəffarədir. Haqq sahibi haqqından vaz keçib onu tələb etməsə, Allah da cinayətkarı cəzalandırmaz). Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalimdirlər! Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik.
İncil əhli Allahın onda nazil etdiyi (ehkam) ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır. (Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitbları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istədiyi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir! O halda onların arasında Allahın nazil etdiyi Kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinin (hökmlərin) bir qismindən səni tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar (bu hökmlərdən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Doğrudan da, insanların çoxu (Allahın itaətindən çıxmış) fasiqlərdir!
Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!"
(Əl-Maidə 42-50)

Uca Allah Tövratın və İncilin hökmünü qeyd etdikdən sonra Quranı nazil etdiyini və Peyğəmbərinə insanlar arasında hökm verdiyi zaman onların rəyləri ilə deyil Quranla hökm verməyi əmr etmişdir. Həmçinin xəbər vermişdir ki, hər bir peyğəmbərə doğru yol göstərmiş və şəriət göndərmişdir. Musaya Tövratla, İsaya İncillə yol göstərmiş və şəriət vermişdir. Bizim Peyğəmbərə -ona Allahın salavatı və salamı olsun- isə Quranı şəriət etmiş, onunla yol göstərmiş və hökm verib Allahın nazil etdiyi digər kitablarla hökm verməkdən çəkinməyi əmr etmişdir. Uca Allah bəyan etmişdir ki, Onun hökmü Qurandır. Kim bundan başqa hökmü üstün tutarsa, artıq cahillik hökmünü üstün tutmuş olar. Buna görə də buyurmuşdur: "Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!" (əl-Maidə 44)

Heç şübhə yoxdur ki, Allahın Öz Rəsuluna nazil etdiyi ilə hökm verməyin vacibliyini etiqad etməyən kimsə kafirdir. Kim Allahın nazil etdiyinə tabe olmayaraq, öz rəylərını ədalətli hesab edib, onunla insanlar arasında hökm verməyi halal görərsə kafirdir. Elə bir ümmət yoxdur ki, hökm verdiyi zaman ədalətlə hökm verməsin. Lakin ola bilsin ki, onlara görə ədalət rəhbərlərinin rəyləri olsun. Həmçinin özlərini müsəlman hesab edənlərdən çoxları uca Allahın nazil etmədiyi adətləri ilə hökm verirlər. Necə ki, səhra köçərilərinin başçıları və onların əmrlərini yerinə yetirənlər elə bilirlər ki, Quran və sünnə ilə deyil adətlərlə hökm vermək lazımdır. Bu da küfrdür. İnsanlardan çoxları iman gətirsələr də yalnız öz cahillik adətləri ilə hökm verirlər. Onlar Allahın nazil etdikləri ilə hökm verməyin vacib olduğunu bildikdə buna tabe olmayıb, əksinə Allahın nazil etdiklərinə müxalif hökmlərlə əmr verməyi halal görsələr kafir olarlar. Əks halda öncə qeyd etdiyimiz kimi cahildirlər. Allah bütün müsəlmanlara hər hansı bir məsələdə ixtilaf etdikləri zaman onu Allaha (yəni, Kitabına) və Rəsuluna (yəni, sünnəsinə) qaytarmağı əmr etmişdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır." (ən-Nisə 59) Həmçinin buyurmuşdur: "Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar." (ən-Nisə 65) Kim aralarında baş verən ixtilaflarda Allahın və Onun Rəsulunun hökmünü əsas tutmazsa, onun iman sahibi olmamasını Allah özü and içərək bəyan etmişdir. Amma kim Allahın və Onun Rəsulunun bütün zahiri və batini hökmlərini əsas tutarsa, lakin asilik edib öz istəklərinə uyarsa o, sadəcə asidir. Bu ayə, Allahın hökmünü etiqad etdiklərini iddia edən Xavariclərin, Allahın nazil etdiyi ilə hökm verməyən hakimlərin təkfiri üçün gətirdiyi dəlillərdəndir.

İbn Teymiyyənin (Allah ona rəhmət etsin)
"Minhəcus sünnə" əsəri; cil 5, səh.126-135