Sübh04:25
Günəş06:20
Zöhr13:37
Əsr17:33
Məğrib20:54
İşa22:33
Cümə namazı: 14:00
Bütün ayın cədvəli

ƏbdulƏziz Ali Şeyx təkfir məsələləri barədə

Sayta qoyulub: 04:31 17.09.2007 [2818 dəfə oxunub]
Hərf ölçüsü:

Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu
Əziz qardaş və bacılar!
Hazırladığımız bu material hal-hazırda Səudiyyə Ərəbistanın Müftisi Əbdüləziz Ali Şeyxin "əl-Məcd" telekanalında qonağı olduğu dialoq məclisidir. Məclisdə bu gün geniş yayılmış, insanları çaş-baş salmış dinin ən çətin bir sahəsi, "Təkfir və onunla bağlı məsələlər" ətrafında müzakirə aparılır. Şeyx bu görüşündə məsləni çox gözəl və bəsit şəkildə açıqlayır. Elə bu və digər müsbət cəhətlərinə görə biz bu materialı tərcümə edib sizlərə çatdırmaq qərarına gəldik. Mühazirə əslində "video" formatlıdır. Lakin saytımızın texniki imkanları daxilində sizə yalnız bu mühazirənin yazılı və "audio" formasını təqdim edə bilirik. Video materialı isə siz məscidimizin ətrafındakı dükanlardan əldə edə bilərsiniz.
Allahdan istərdik ki, bizi elm nuru ilə bəsirətləndirsin...Amin!
_______________________________________________________________



Rəhimli və mərhəmətli Allahın adı ilə
Həmd olsun Allaha - aləmlərin Rəbbinə! Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və bütün əshabələrinə salavat və salam olsun.
Möhtərəm qardaş və bacılar! Sizə Allahın salamı, rəhməti və bərəkəti olsun.
Kəramətli ərşin rəbbi olan əzəmətli Allahdan diləyirəm ki, O, Öz səxavəti və lütfü ilə bizə dinini anlatsın. Nöqsansız və uca olan, bizə bilmədiklərimizi öyrətsin. Həqiqətən izzət və cəlal sahibi Allah səxavətli və kəramətlidir.

Möhtərəm qardaşlar! Ər-Riyad hadisələri öz aktuallığı ilə bizim üçün bir çox məsələlərə qapılar açdı. Bu hadisələri bilənlər də bilməyənlər də mübahisə edirlər. Çox saylı və ardı-arası kəsilmədən geniş müzakirəsi gedən mövzulardan biri də, Allah yolunda cihad, kiminsə kafir adlandırılması və sairələridir. Hətta internet səhifələri İslam ümməti ilə əlaqədar olan bu məsələlər haqqında danışmaq istəyən hər kəs üçün azad bir məkana çevrilmişdir.
Biz, bu mübarək görüşümüzdə müsəlman aləminin tanınmış elm xadimi, Səudiyyə Ərəbistanının müftisi, Böyük Alimlər Heyətinin və eləcədə Daimi elmi araşdırmalar və fitvalar mərkəzinin sədri möhtərəm şeyx Əbdüləziz ibn Abdulla Əli Şeyxlə müzakirəsinə böyük ehtiyac duyulan təkfir (yəni, kiminsə kafir adlandırılması) və onunla əlaqədar bəzi məsələlərə toxunacağıq.
Möhtərəm şeyx, xoş gəlmisiniz. Görüşümüz münasibəti ilə sizi salamlayırıq.
Şeyx: Xoş gördük!
Hörmətli şeyx, sələfi üslubu ilə gedən alimlər və fəqihlər həmişə dini məsələlərdə, müamilələrdə və hökm verməkdə orta yol tutmaq barəsində danışmışlar. Siz bu haqda nə deyə bilərsinisiz?
Şeyx: Rəhimli və mərhəmətli Allahın adı ilə. Həmd olsun Allaha - aləmlərin Rəbbinə. Allahım, qulun və rəsulun olan, peyğəmbərlərin və elçilərin ən şərəflisi Məhəmmədə, onun ailəsinə, bütün səhabələrinə və qiyamət gününə qədər onların yolunu ixlasla davam etdirənlərə Sənin salamın, salavatın və bərəkətin olsun.
Məhəmməd ümməti öz şəriəti ilə orta bir yol tutmuşdur. İzzət və cəlal sahibi Allah buyurur: "(Ey müsəlmanlar!) Beləliklə də, sizi orta bir ümmət etdik..." Onlar İslam şəriəti ilə bağlı məsələlərin öyrənilməsində ifrata vararaq dindən çıxanlar və bu məsələləri əhəmiyyətsiz bir səviyyəyə endirərək şəriətə riayətdən uzaqlaşanlar arasında orta bir yoldadırlar. Məhz bu səbəbdən də, müsəlman bütün işlərində ədalətli yol tutmalıdır. İslam şəriətini öyrədən mənbələrdə buna kifayət qədər sübutlar vardır. Məsələn, Əhli sünnə vəl-cəmaat tərəfdarları təkfir məsələsində xəvariclərlə murciələr arasında orta bir mövqe tutmuşlar. Xəvariclər hər bir günaha küfr hökmü verərək deyirlər: günahının az və ya çox olmasından asılı olmayaraq Allaha asilik edən hər bir insan kafirdir. Onun qanı və malı halal sayılır, özü isə Qiyamət günü əbədi olaraq Cəhənnəmə vasil olacaq. Xəvariclər hər hansı bir xatanın mütləq şəkildə küfr olduğunu və onu etmiş şəxsin Cəhənnəmdə əbədi qalacağını vacib hesab edirlər. Onlar əzab vəd edilmiş umumi məğzli ayələri əsas götürərək, Allahın rəhmətinə ümüd bəsləməklə bağlı hədislərdən üz çevirirlər. Iddialarını sübuta yetirmək üçün əsaslandıqları dəlillərdən biri də uca Allahın bu ayəsidir: "Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, onun üçün böyük əzab hazırlar!" Xəvariclər insanın kafir olması üçün yalnız bu günahın yetərli olduğunu və onu etmiş şəxsin əbədi olaraq cəhənnəmdə qalacağını deyirlər. Bununla yanaşı onlar digər ayə və hədislərdən qafildirlər. Uca Allah bu barədə buyurur: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar...". Həmçinin onlar: "Lə iləhə illəllah" deyənin canı və malı toxunulmazdır. Onunla haqq-hesab çəkmək uca Allaha aiddir" - kimi ümüd verici hədislərdən xəbərsizdirlər. Xəvariclər Allahın bağışlamasını öz etiqadlarında məhdudlaşdırıblar. Zənnimcə, həmçinin onlara görə bəzi tövbə edənin tövbəsi qəbul deyil. Ona görə ki, günaha görə təkfir edib, üzr qazandırmamaqda onlar hədlərini çox aşıblar. Buna görə də Əlini -Allah ondan razı olsun- və onunla olanları, Allahın kitabı ilə yanaşı kişiləri hakim təyin etmisiniz - deyərək kafir hesab edib, onların qanlarını və mallarını halal görmüşlər.
Murciələr isə onların tam əksidir. Onların əqidəsinə görə yalnız təsdiq etmək, hətta sadəcə Allahı tanımaq imanlı olmaq üçün kifayətdir. Yalnız bu, İslamın ərkanlarından heç bir şey etməyən insanın belə mömin olması üçün yetərlidir. Həmin kəsin imanı Cəbrayılın, Mikayılın, Peyğəmbərin, Əbubəkr əs-siddiqin və bütün səhabələrin imanına bərabərdir. Onlara görə bütün əməllər tərk edilsə də və ya Allaha şərik qoşmaq və küfrə yol vermək kimi böyük günahlar işlənsə də yalnız Allahı tanımaq imanlı olmaq üçün kifayətdir.
Əhli sunnə vəl-cəmaat tərəfdarları isə məsələdə orta mövqe tutaraq demişlər: "Allaha şərik qoşmaqdan başqa böyük və ya kiçik günah edən kimsə, imanı ilə mömin, asiliyi ilə fasiq sayılır. Əgər o, günahlarına görə tövbə etmədən ölərsə, Allahın istəyi altında olar. Istəsə ona etdiyi günah qədər əzab verər, sonra onu Cənnətə daxil edər və istəsə bağışlayar. Allah, məlum olan bir çox səbəblərə görə istədiyini bağışlayır".
Əhli sünnə və camaat tərəfdarları həmçinin demişlər: "Allaha qarşı küfr edənin, Ona şərik qoşanın və sairə bu kimilərinin barələrində isə küfr etmələri hökmü çıxarılmalıdır. Uca Allah buyurur: "...Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!"
Əhli sünnə və camaat tərəfdarları günah işləyəni kafir hesab etməməklə yanaşı, İslama riayət etməyəni də, onunla tanış olsa belə, orta təbəqəli iman sahibi kimi vəsf etmirlər. Onlar deyirlər: "Həqiqətən də, Əbu Talib imanın nə olduğu haqda tanışlıq aldı və Peyğəmbəri təsdiq etdi. Lakin "lə iləhə illəllah" kəlməsini dili ilə demədiyi və ona riayət etmədiyi üçün mömin sayılmadı. Allah, düşməni İblisin belə dediyini buyurur: "(İblis) dedi: "Mənə qiyamətə qədər möhlət ver!" (Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən!" (İblis) dedi: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!" İblis imanın nə olduğu haqda tanışlıq aldı. Lakin itaət etmədi. Bu səbəbdən də bütün pis əməllər üçün öndər oldu. Allah bizi qorusun.
Sual: Allah sizin savabınızı artırsın möhtərəm şeyx! Hal-hazırda bəziləri: Kimisə kafir hesab etməyincə insanın imanı tamamlanmaz. Çünki din, Allaha iman gətirmək və tağutu inkar etmək prinsipi üzərində qurulub və küfr əhlini tanıtmaq da tağutu inkar etmək hesab olunur - fikrini söyləyir. Bu doğrudurmu?
Şeyx: Ey qardaşım! Allah Öz Elçisini -ona Allahın salavatı və salamı olsun- göndərdiyi zaman o, insanlara: bu küfrdür - deyə xitab etmədi. Peyğəmbər onları imana və ona riayətə dəvət edirdi. Məlumdur ki, imana, islama riayətə, şəriəti qəbul etməyə və ona uyğun əməllərə çağırış əsas məğzdir. Həqiqətdə insanları imana və islama dəvət etmək onları islama riayət etməyə çağırmaqdır. Peyğəmbər ona Allahın salavatı və salamı olsun, ərəblərə deyərdi:
"Mən sizə elə bir söz öyrədərəm ki, əgər onu söyləsəniz ərəblərin üzərində hökmranlıq edərsiniz, onlardan qeyri xalqlar isə, sizə cizyə vergisi ödəyərlər." Onlar: o hansı sözdür? - deyə soruşduqda o, buyurardı: Deyin "lə iləhə illəllah".
Ərəblər ondan üz döndərərək deyirdilər: "Əcaba, o, ilahların hamısını bir ilahmı edir? Bu, doğrudan da, çox təəccüblü bir şeydir". Peyğəmbər -ona Allahın salavatı və salamı olsun- onları imana dəvət edirdi və bu dəvət əsnasında bəyan edirdi ki, kim imana müxalif olarsa ondan kənar sayılar. Buna görə də küfrə dəvəti əsas hesab etmək yolverilməzdir. İzzət və cəlal sahibi Allah buyurur: "Hər kəs Tağutu inkar edib Allaha iman gətirsə..." Məlumdur ki, Allaha iman gətirib İslam ərkanlarına riayət edən şəxs mütləq şəkildə tağutu inkar edəcəkdir. Ona görə də İzzət və cəlal sahibi Allah Öz Peyğəmbərinə buyurur: "Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər". Buna səbəb onların Peyğəmbərə: bizim ilahlarımızı söymə ki, biz də sənin ilahını söyməyək - sözləri olmuşdur. Allah, aləmlərin Rəbbinin söyülməsindən ehtiyat edərək Peyğəmbərə -ona Allahın salavatı və salamı olsun- ilahları söyməyi qadağan etdi.
Deməli, dəvət İslam dininə olmalıdır. Ona görə də Allah peyğəmbərlər haqda buyurmuşdur: "Biz Nuhu öz tayfasına göndərdik. O dedi: Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir ilahınız yoxdur... Ad tayfasına da qardaşları Hudu göndərdik. O dedi: Ey camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir ilahınız yoxdur... Səmud tayfasına da qardaşları Salehi göndərdik. O dedi: Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir ilahınız yoxdur... Mədyən tayfasına da qardaşları Şüeybi göndərdik. (Şüeyb) onlara belə dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir ilahınız yoxdur...".
Dəvət imana və ona riayət etməyə olmalıdır. Əsas odur ki, sən imana riayət etməyəni imana dəvət edəsən. Həmin dəvətin tərkibində, imana müxalif olan kəs mömin sayılmaz məsələsi də vardır. Əgər o, mömin deyilsə, yalnız bundan sonra digər hökmlərə baxılmalıdır.
Sual: Allah sizin savabınızı artırsın möhtərəm şeyx! Bəziləri: filankəs belə etdiyinə görə və filankəs də ondan bu sözü eşitdiyimə görə kafirdir - deyirlər. Insan sadəcə etdiyi bir əmələ görə kafirmi sayılır? Yoxsa küfr edən insan kafir sayılmaya da bilər?
Şeyx: Qardaşım, bunlar fərqli məsələlərdir. Əvvəla kiməsə küfr kəlməsini aid edən müsəlman gərək uca Allahın: "Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın açıq-aşkar bir haqq olduğunu biləcəklər!" - sözünü xatırlayıb Allahdan qorxsun! Bu ayələr böhtanla bağlı hekayənin sonunda varid olmuşdur. Ondan əvvəlki ayədə buyrulur: "Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları çox böyük bir əzab gözləyir". Əgər zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edərək onlara böhtan atan kəsləri belə şiddətli əzab gözləyirsə və onlara bu cür dəhşətli cəza vəd verilmişdirsə, müsəlmana kafir deyərək həqiqətdə onu islam dinindən çıxardan kəsin aqibəti necə olacaq? Ey qardaşım, hər eşitdiyin sözə və ya şahidi olduğun əmələ onun küfr olmasını aydınlaşdırmayınca küfr hökmü vermə! Ola bilər ki, insan səhv bir əməlin düzgün olduğunu güman edərək onu icra etsin və ya səhv bir sözü doğru zənn edərək söyləsin. Təkəbbürlü inadkara gəlincə onun hökmü başqadır. Məsələn, batili doğru sayıb ona uyğun əməl edən hər hansı bir şəxs, ona haqq və hidayət yolu bəlli olduqdan sonra səhvini başa düşər və haqqa qayıdar. Ola bilsin ki, söz və ya əməl özlüyündə küfr olsun. Lakin bu sözün və ya əməlin sahibinə gəldikdə isə onun halını araşdırmaq lazımdır. Buna Muaz bin Cəbəlin Peyğəmbəri -ona Allahın salavatı və salamı olsun- gördükdə ona səcdə etməsini dəlil gətirmək olar. Muaz Peyğəmbəri təzim etməyin Allaha təzim olduğunu hesab edərək ona səcdə etmişdir. Peyğəmbər -ona Allahın salavatı və salamı olsun- isə ona buyurmuşdur: "Əgər bir şəxsin digərinə səcdə etməsini əmr etməli olsaydım, qadının öz ərinə səcdə etməsini əmr edərdim." Çünki ərinin onun üzərində böyük haqqı vardır.
Muaz Peyğəmbərə səcdə etməyə icazə istədi yoxsa ona səcdə etdi? Bu əməl -Peyğəmbərə səcdə etmək- və ya onu icra etməyə icazə istəmək küfrdür. Əgər: "Icazə ver sənə səcdə edim" sözünün həqiqi mənasını anlayaraq desəydi bu küfr sayılardı. Lakin bu əməli Allaha ibadət sayaraq edən şəxsə onun bu işinin ibadət olmadığı açıqlanmalıdır. Yəni, ola bilər ki, insan hər hansı sözü və ya əməli cahilliyi ucbatından etsin. Bu halda ona haqqın nə olduğu bildirilməli və doğru yol izah olunmalıdır.
Sual: Yəni bu təkfir etməyə mane olan səbəblərdən biridir?
Şeyx: Bəli, burada sözü söyləyən və ya əməli edən şəxsin nə səbəbdən belə deməsinin araşdırmaması nəzərdə tutulur.
Sual: Allah sizin savabınızı artırsın möhtərəm şeyx! Daimi elmi araşdırmalar və fitvalar mərkəzinin daha üstün sayılan, sizin də üstün hesab etdiyiniz namazı qılmayanın kafir olması haqqında fitvası vardır. Həmin fitva üzərində çoxsaylı məsələlər məsələn, namaz qılmayanla arvadının boşanması və sairə qurulmuşdur. Biz bir şəxsə kafir qərarı verdiyimiz zaman artıq ona müxtəlif hökümlər tətbiq edilməlidir. Bu hökümlərin icrası üçün şəxsə kafir qərarı verməyə kimin səlahiyyəti çatır?
Şeyx: Ey qardaşlarım, əsas olaraq məsələn, namazı qılmayan kafirdir deməklə yanaşı biz bu hökmü ona nə zaman veririk? Əslində Peyğəmbər -ona Allahın salavatı və salamı olsun- namazı qılmayanı vəsf edərkən onun küfr etdiyini buyurmuş və beləliklə də küfr sözünü ona aid etmişdir. Quran və Sünnədə varid olan dəlillərdə də namazı qılmayan küfrə yol verən kimi vəsf edilmişdir. Uca Allah buyurur: "Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır". Bundan irəlidəki ayədə isə buyurulur: "...onları sərbəst buraxın." Ayə dəlalət edir ki, qardaşlıq yalnız tövbə etdikdən sonra namazı qılmaq və zəkat verməklə olur. Həmçinin sərbəst buraxmaq da bunları yerinə yetirdikdən sonra olur.
Peyğəmbər -ona Allahın salavatı və salamı olsun- buyurmuşdur: "Bizimlə onlar arasında əhd namazdır. Kim onu tərk edərsə artıq küfr etmişdir." Alimlər məhz burada ixtilaf etmişdir. Hədisdəki küfrə görə insan ümmətdən kənar sayılmırmı və namazı qılmadığına görə İslam dinindən üz çevirən mürtəd olurmu? Yoxsa bu küfr insanı ümmətdən kənar etməyən və etiqadla bağlılığı olmayan əməli küfrdür. Alimlərin bu haqda iki məşhur rəyi vardır. İbn əl-Qeyyim -Allah ona rəhmət etsin- "Namaz" adlı kitabında bu iki rəy barədə danışmışdır. O, təkfir edənlərin və təkfir etməyənlərin dəlillərini qeyd etmişdir. Mövzunun ağır olduğunu və eləcə də araşdırmalardakı çətinlikləri görən İbn əl-Qeyyim hansı rəyin daha doğru olduğu haqda qərar verməmişdir. Lakin o, son olaraq buyurmuşdur: "Həqiqətən küfrün də, imanın da, nifaqın da mərtəbələri vardır". İbn əl-Qeyyim bu cür danışmaqla məsələnin çox təhlükəli olduğunu və kafir hökmü verənin böyük məsuliyyət daşıdığını bildirmişdir. Namaz qılmayanın kafir olduğunu söyləyənlər olsa belə, bu kimi hökmlər yalnız hakim tərəfindən verilə bilər. Əgər hakim açıq-aşkarda hökm kəsməzsə həmin şəxsə kafir qərarı vermərik. Namaz qılmayanın dindən kənar olduğunu söyləyənlərin namazı qılmamaq küfrdür sözlərindən sonra, ona hansı hökmlər tətbiq edilir - deyə soruşduqda onlar deyir: meyiti yuyulmaz, cənazə namazı qılınmaz, müsəlman qəbiristanlığında dəfn olunmaz, arvadı ona, o da arvadına, əgər ondan öncə ölərsə miras qoymaz. Bu hökmlər kafir qərarı verənlərindir. Namazı qılmamağın insanı dindən kənar etməyən küfr olduğunu deyənlər isə, belə hökmlərə əsaslanmırlar. Ona görə də bu cür məsələləri yalnız şəriət hakimi araşdıra bilər. Hakimin mübahisələrə son qoyan qərarı olmadan yuxarıdakı hökmləri kiməsə aid etməyə heç bir insanın səlahiyyəti çatmır.
Sual: Möhtərəm şeyx, yəni bu yalnız alimlərə məxsusdur?
Şeyx: Yalnız alimlərə məxsusdur. Çünki, məsələn mən özüm bundan çəkindirirəm və dəlilləri bəyan edirəm. Lakin onun tətbiqi yalnız şəriət hakiminə aiddir. O hansı rəyi doğru hesab edirsə ona uyğun hökm verir. Həqiqətdə bəzi alimlərə görə namazı qılmayana küfr hökmü vermək üçün, mütləq onun namazı tam tərk etdiyini bilmək lazımdır. Mövzuya diqqətlə nəzər salsan və düşünsən görərsən ki: mən filankəsi ildə və ya ayda beş dəfə izlədim və onun namaz qıldığını görmədim - sözlərini heç kəs söyləyə bilməz. Bunun üçün tam sübuta yetmiş hökm olmalıdır. Müsəlman gərək insanlara şəriət hökmlərini bəyan etsin. İzzət və Cəlal sahibi olan Allah Öz qullarına himayədarlıq edər.
Sual: Allah savabınızı artırsın. Möhtərəm şeyx! Xüsusi vurğuladığınız məsələn, müsəlman, mömin, zimmi, hərbi, müahid, mustəmən kimi terminlər haqqında nə deyə bilərsiniz? Çünki məhz onların əsasında şəriət hökmləri tətbiq edilir.
Şeyx: Bu terminlər Quran və Sünnədən götürülmüşdür. Məsələn, İslam, tövhidlə, itaətləri yerinə yetirməklə, şirk və onun əhlindən uzaq olmaqla Allaha təslim olmaqdır. Bu İslam, Allahın bizim üçün bəyənib seçdiyi bir dindir. "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim." Allah heç kəsdən ondan başqa din qəbul etməyəcək. "Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!" İslam, peyğəmbərlərə tabe olmaqdır. Onlara tabe olan hər kəs müsəlmandır. Həqiqətdə Musaya, İsaya, Peyğəmbərimizdən öncə olan bütün peyğəmbərlərə onların zamanında tabe olanlar müsəlmandır. Lakin Allah, Məhəmməd peyğəmbəri -ona Allahın salavatı və salamı olsun- göndərməklə, risaləsi ilə bütün risalələrə və şəriəti ilə digər şəriətlərə son qoymaqla İslam adını yalnız Məhəmmədə -ona Allahın salavatı və salamı olsun- tabe olanlara məxsus etdi. Ümmətlərdən onun ardınca getməyən hər bir kəs dinindən asılı olmayaraq müsəlman deyil, kafirdir. Çünki Uca Allah yer sakinlərinə bu peyğəmbərə itaət etməyi, tabe olmağı və onun bayrağı altında birləşməyi əmr etmişdir. "Mənim haqqımda eşitdikdən sonra mənə iman gətirməyən hər bir yəhudi və xristian Cəhənnəmə daxil olacaq."
Fasiq sözünə gəldikdə isə, Quranda fasiq adı həm kafirlərə həm də şəriətə müxalif olanlara verilmişdir. Uca Allah buyurur: "Allah bununla bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir. O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri ziyana uğrayanlardır!" Bu, küfr mənasındadır. Həmçinin fasiqlik asilik mənasında da varid olmuşdur. Asiyə fasiq deyildikdə, şəriətə müxalif olan işləri edən adam nəzərdə tutulur. Kafir mənasında işlədilən fasiq sözünün açıqlaması isə irəlidə qeyd olundu.
Sual: Allah sizin savabınızı artırsın! Zimmi, hərbi, müəhəd və mustəmən kimiləri ilə düzgün davranmağımız üçün onlar haqqında nə deyə bilərsiniz?
Şeyx: Saleh sələflər zimminin kim olduğunu açıqlayaraq demişlər: "O, İslam qanunlarına tabe olub cizyə vergisini ödəyən xristian və yəhudidir." Bu cür insan zimmi adlanır. Onunla canına və malına toxunulmayacağı barədə əhd bağlanmış və əmin-amanlığına zəmanət verilmişdir. Cizyə ödədiyi müddət ərzində heç bir maneə ilə qarşılaşmadan İslam ölkəsində yaşamasına icazə verilir. Müsəlmanlar şərq və qərb ölkələrini fəth etdikdə, İslam dinini insanlara güc tətbiq edərək qəbul etdirmədilər. Əksinə onlar öz ixtiyarları ilə bu dini qəbul etdilər. Zimmilər isə İslam qanunlarına tabe olub, cizyə ödəməklə öz ölkələrində və dinlərində qalmağa sülh bağladılar. Bu zimmilərdir. Muahid isə əhd bağladıqlarımızdır. Necə ki, Uca Allah buyurur: "Müqavilə bağlanılan müşriklər istisnadır..." Muahid, müqavilənin uzun və ya qısa müddətli olmasından asılı olmayan əhd bağladığımız kimsələrdir. Mustəmən: müəyyən bir zaman ərzində əmin-amanlığına zəmanət verilən şəxsdir. Uca Allah buyurur: "Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Sonra (İslamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır...".
Iman və İslam sözlərinin hər ikisi işlədildikdə onların arasına fərq qoyulur. Onlardan biri olduqda isə o, digərinin mənasını da özündə daşıyır. Hər ikisi işlədildikdə İslam zahiri, iman isə batini əməlləri, onlardan biri olduqda isə islam iman mənasını, iman olduqda isə islam mənasını özündə əhatə edir.
Sual: Möhtərəm şeyx! Bir termin, müstəmən kəlməsi qaldı.
Şeyx: Qeyd etdik ki, mustəmən, müəyyən vaxt ərzində əmin-amanlığına zəmanət verilən şəxsdir.
Sual: Onunla muahidin fərqi nədədir?
Şeyx: Muahidin əhdi uzun müddətli olur. Mustəmən isə müəyyən bir iş üçün gələndir.
Sual: Möhtərəm şeyx! Görüşün əvvəlində xəvariclər barədə danışdınız və qeyd etdiniz ki, onlarda da təkfiredici fikirlər vardır. Təəccüblüdür ki, onlar çox ibadət etmələri, namaz və orucları ilə yanaşı bu yanlış fikrə düşüblər. Bu haqda nə deyə bilərsiniz?
Şeyx: Peyğəmbər -ona Allahın salavatı və salamı olsun- bu məsələni açıqlayaraq demişdir: "Sizlərdən hər hansı biriniz qıldığı namazı onların namazının, oxuduğu tilavətini onların tilavətinin yanında aşağı səviyyəli hesab edər. Buna baxmayaraq onlar ox şikarından çıxdığı kimi dindən çıxarlar." Ona görə ki, onlar Allahın dinində ifrata varıblar. Bu kimsələr rəhmət və bağışlanma qapılarını bağlayıblar. Uca Allah buyurur: "Mərhəmətim hər şeyi ehtiva etmişdi." İzzət və cəlalət sahib Allahın rəhməti qəzəbinə qalib gəlmişdir. Uca Allah xeyri və şəri yaratmışdır. Lakin xeyri onu sevərək və ondan razı qalaraq, şəri isə sınaq olaraq yaratmışdır. İzzət və cəlalət sahibi Allah bəndələrinin əməllərindən xəbərdardır. "Məgər yaradan bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!" Bir rəvayətdə buyrulur: "Əgər siz günah etməsəydiniz, Allah sizi həlak edib yerinizə günah edib sonra tövbə edən bir tayfa gətirər və onları bağışlayardı." Əgər günahlar olmasaydı, Allahın bağışlama sifəti bilinməzdi. İzzət və cəlal sahibi Allah əfv edən, bağışlayan, böyük fəzilət və rəhmətə malikdir. O bu ümmətin işlərini asanlaşdırıb. Yaxşılığın savabını on qat artıq verir. Bir hədisdə Peyğəmbər -ona Allahın salavatı və salamı olsun- buyurur: "Həqiqətən Allah, pislikləri və yaxşılıqları yazmış və onları Öz Kitabında açıqlamışdır. Kim bir pis iş görmək istəsə lakin onu etməsə, Allah buyurar: Ona heç nə yazmayın. Yox əgər əməl etsə ona bir günah yazılar. Əgər bir yaxşı iş görmək istəsə, sonra onu etməsə ona bir savab yazılar. Yox əgər bunu etsə ona on dəfədən yeddi yüz dəfəyə qədər və ya daha artıq savab yazılar." Xavariclər bu əzəmətli fəzilət, böyük savab qapılarını bağlamışlar. Əgər onların öz hallarına diqqət etsən onları yalançı, günahkar görərsən. Canın və malın halal sayılması ən böyük günahdır. Onlar Osmana -Allah ondan razı olsun- evində hücum etdikləri zaman ən birinci Beytül-malı qarət etdilər. Bundan sonra qadınlara, hətta Osmanın yoldaşına qarşı nalayiq hərəkətlər etmək istədilər. Onların təməli yalan və haqsızlıq üzərində qurulmuşdur. Xəvariclər zahirən özlərini dindar və İslama ciddi riayət edən kimi göstərsələr də, əslində onlar daş qəlbli, kobud təbiətli ən qatı cinayətkarlardır. Onlar Allahın fəzilətini və tükənməz səxavətini məhdudlaşdırmaqla ən böyük günah ediblər. Bir kişi başqasına: "Allaha and olsun ki, Allah filankəsi bağışlamayacaq - dedikdə, Allah buyurdu: Mənim filankəsi bağışlamayacağıma and içən kimdir? Artıq onun günahlarını bağışladım. Sənin savab işlərini isə puç etdim." Əbu Hureyrə demişdir: "O, bir kəlmə söylədi. Lakin bununla öz dünyasını və axirətini itirdi." Böyük günah sahiblərinə şəfaət etmək üçün Allah Öz Peyğəmbərinə icazə vermişdir. Xəvariclər isə deyirlər: "Yox, Allah ona mütləq əzab verməlidir". Allah fəzilət, yaxşılıq və bağışlama vəd edir. Onlar isə deyirlər: Yox, fəzilət, yaxşılıq və bağışlama mümkün deyil. Bununla da Allahın adından hökm verirlər. Deyirlər ki, orta yol və ədalətli mövqe yoxdur. İman insanda ya bütöv olur ya tamamilə ondan ayrılır. Xəvariclər Allahın geniş açdığı rəhmət qapılarını bağlayıblar.
Sual: Allah sizin savabınızı artırsın möhtərəm şeyx! Sizin fikrinizcə təkfir hansı mühitdə artıb inkişaf edir?
Şeyx: Şəriət alimlərinin, Quran və Sünnəyə uyğun doğru əqidəni və fiqh hökümlərini bəyan edən şəriət elminin olmadığı mühitdə təkfir artıb, inkişaf edir. Əgər gənclərimiz Quran və Sünnəyə əsaslanan şəriət elmlərinin mövcud olduğu bir mühitdə yaşayıb boya-başa çatsalar, bu cür zərərli cərəyanlardan özlərini qorumuş olarlar. Lakin doğru əqidənin və düzgün istiqamətin verilmədiyi bir mühitdə korlanmış etiqadla və dolaşıqlıq düşüncələrlə yaşayıb boya-başa çatsalar belə zərərli fikirlərə yoluxarlar. Xəvariclər saxta şüarları ilə bir-birilərini azdıraraq əshabələrdən üz çevirdilər. Onlar etibar olunacaq alimlərin sözlərinə qulaq asmadılar. Nəticədə isə bu böyük bəlaya düçar oldular.
Sual: Möhtərəm şeyx! Etiraf etməliyik ki, alimlərin və şəriət elmlərinin olduğu mühitdə də bu fikirlər meydana gəlir?
Şeyx: Haqq və batil hər zaman mövcuddur. Biz elə bir əsr tapa bilmərik ki, səhvsiz olsun. Əsrlərin içində daha çox şərəfi, kamilliyi və Allah qorxusu olan Məhəmməd peyğəmbərin -ona Allahın salavatı və salamı olsun- əsrində də dili ilə iman gətirib, qəlbi ilə küfr edən münafiqlər, ilk xavariclər hesab edilən asilər və narazı olanlar, içki içənlər, qatillər, zinakarlar, qiyamçılar və sairələri var idi. Bundan sonra mən deyə bilmərəm ki, hər hansı bir əsr bütün növ günahlardan və nöqsanlardan xali olub. Bütün bunlara baxmayaraq müsəlmanlar doğru yola yönəlmək üçün var gücləri ilə çalışmalıdırlar. Bizim metodika Quran və Sünnəyə uyğun orta yolu dəstəkləmək, tədrisimiz isə alimlərin və onların düzgün istiqamətdə yetişdirdiyi insanların öyrətdiyi olmalıdır. Məhz bu səbəblərlə və eləcə də qarşılıqlı dialoq və müzakirələrlə şərin azalmasına ümid bəsləyə bilərik. Mən nöqsansız və əhalisi səhvə yol verməyəcək bir əsr yetişdirəcəyəm - deyən kimsənin sözlərinin reallaşması qeyri-mümkündür.
Sual: Möhtərəm şeyx! Sizcə bizim cəmiyyət bu hadisələrə hazırdırmı?
Şeyx: Cəmiyyətimiz əməlisaleh bir cəmiyyətdir. Allaha həmd olsun! O, xeyir və islah yönlü təbliğat üzərində qurulmuşdur. Allah onun təbliğatçısına və təsisçisinə rəhmət etsin. Lakin cəmiyyətimizin bundan da yaxşı vəziyyəti və dinə daha ciddi riayət etdiyi vaxtlar olmuşdur. Sonralar tarixdə baş verən hadisələr, cəmiyyətlər arasında sıx əlaqələr, dünya mədəniyyətlərinin bir-birinə qarışması, ötürücü peyklərin ixtirası, radio-televiziya və mətbuatın yayımlanması, xüsusən də qarşıdurmaları artıran veriliş və məqalələrə yer verilməsi, səfərlər vasitəsilə qurulan münasibətlər, dünya həyatına aldanmaq, mal-dövlət qazancına və onun çoxaldılmasına aludə olmaq və sairə bu kimi səbəblər zəifləmə ilə nəticələnmişdir. Əvvəllər insanlar düzgün əqidəyə və qarşılıqlı anlaşmaya malik idilər. Yad mədəniyyətlərlə demək olar ki, qarışmırdılar. Kütləvi informasiya vasitələri çox az sayda idi və insanlar yalnız səmərəli verilişləri dinləyirdilər. Onun açdığı meydan şərlə doludur. Lakin bütün bunlarla yanaşı biz, Allahın rəhmətindən ümidimizi üzmürük. Bizə lazımdır ki, var qüvvəmizlə çalışaq və səbəblərə əsasən qorunaq. Müvəffəqiyyət Allahdandır.
Sual: Allah sizin savabınızı artırsın möhtərəm şeyx! Təəssüflər olsun ki, nəticə etibarı ilə gəncləri hakimlərə və alimlərə qarşı yönəldən bəzi kitab və məqalələr çap edilir. Məsələn, "Kəvaşiful-cəliyyə" kitabında yazıçı, iddiasına əsasən ölkələrdə baş verən bir sıra küfrü məsələlər haqda danışaraq deyir: "15-ci 16-cı və 17-ci bəndlərə və eləcə də cəza vermə hissəsinin 20-ci bəndinə bax! İctimai yerlərdə, istər vətəndaşı olduğu istərsə də əcnəbi dövlətin bayrağını və ya digər rəmzini yerə salmaq, cırmaq və sairə formada təhqir etməklə həmin ölkəyə öz nifrətini bildirən hər kəs üç min riyala qədər ödəmə şərti ilə bir il müddətinə həbs edilməli, yaxud da barəsində bu iki cəza tədbirindən birinə qərar verilməlidir". Sonra yazıçı deyir: "Bu küfr söz və zındıqlıq haqqında düşün!"
Sual: Şeyx həzrətləri bu sözləri oxuyan gənc onlardan nə nəticə çıxartmalıdır?
Şeyx: Mən, "Kəvaşiful-cəliyyə" kitabı ilə on iki ildir ki, tanışam. Onu gizli şəkildə yayırdılar. Hətta bu kitabı kimlərin payladığı belə naməlum idi. Bir dəfə mən evdən çıxarkən həmin kitabın qapının astanasına qoyulduğunu gördüm. Bu hadisə sübh namazını qılmağa gedərkən baş vermişdi. Kitab qapının astanasına və ya qapıya bağlanmış vəziyyətdə qoyulmuşdu. Biz onun kim tərəfindən gətirildiyini və qapıya qoyulduğunu bilmədik. Belə ki, bu işin arxasında kimlərin durduğu məlum deyildir. Onlar özlərinin kimliyini gizlədirlər. Çünki şəri yayan adamlar işin başlanğıcında tanınmaqlarını istəmirlər. Onlar öz işlərini bacardıqca məxfi aparırlar. Onlar kitabı gizli şəkildə payladıqları üçün kimlikləri naməlumdur. Bu kitab, böyük həcmi ilə yanaşı yalanlar, əsassız sözlər, qərəzli ittihamlar və dərin ədavətlər üzərində qurulmuşdur. Bütün bunlar onun müəllifinin və ya müəlliflərinin ürəklərində kin-küdurət, xəstəlik və müsəlmanlara qarşı düşmənçilik hislərinin olduğuna sübutdur. Onlar bu əməlləri ilə xeyir gətirməyi nə özlərinə hədəf və məqsəd qoymuş, nə də bunu arzu etmişlər. Onlar bunu zərər vurmaq üçün etmişlər. Ona görə də Allaha həmd olsun ki, kitabın geniş yayılmasına cəhd edilməsinə baxmayaraq, onu diqqətlə oxuyan adam dərhal kənara tullayır. Çünki o, həmin kitabın mənasız və nalayiq sözlərlə və eləcə də sübutsuz ittihamlarla dolu olduğunu görür. O, həmçinin kitabın müəlliflərinin elmi səviyyəsinin olmadığına yəni, lazımi savada malik olmadıqlarına, Allahın onların qəlblərini haqdan döndərdiyinə, yollarını dəyişdiyinə və dillərini çevirdiyinə şahid olur.
İddiaçının qeyd etdiyi bəndə gəlincə, onun mənası aşağıdakı kimidir: Dövlətin gördüyü işlər barədə kiminsə alçaldıcı ifadələr söyləməsi və onlara qarşı nalayiq hərəkətlər etməsi yolverilməzdir. Belə ki, rəhbərliyin gördüyü işə açıq şəkildə hörmətsizlik göstərmək imanın zəifliyinə işarədir. Təbii ki, sən belə əməllərdən çəkinmədin. Axı sən bayrağa qarşı nalayiq hərəkətlər etməklə onun parçasını və taxtasını deyil, onu daşıyan hökuməti alçaltmış olursan. Bu isə yolverilməzdir. Dövlətin gördüyü işlərə qarşı hörmətsizlik edən hər bir kəs həmin bəndə əsasən cəzalandırılmalıdır. Bu, ölkə rəhbərliyini alçaltmaqla daxili kin-küdurətini büruzə verən şəxs haqda çıxarılmış ədalətli qərardır.
Sual: Möhtərəm şeyx! Ölkə rəhbərliyinin ordu, yol hərəkəti qaydaları və sairə bu kimi sahələrlə bağlı qanunlar çıxarması nə dərəcədə düzgündür?
Şeyx: İlk öncə bilməliyik ki, halal, Allahın halal etdiyi, haram isə Allahın haram etdiyi hesab olunur. Həmçinin bilməliyik ki, Allaha asilik olan işləri əmr edən kimsəyə itaət olunmaz. Lakin bununla yanaşı ölkə rəhbərliyi dinə zidd olmayan məsələn, əmin-amanlığın qorunması, yol hərəkəti qaydalarının tənzim edilməsi və sairə bu kimi ümumi məqsədlər üçün istifadə olunan müəyyən qanunlar çıxara bilər.
Sual: Allah sizin savabınızı artırsın möhtərəm şeyx! Misir həbsxanalarındakı islam qruplaşmaları çox saylı məsələn, hakimləri və müsəlmanları təkfir etmələri və s. səhv əməllərindən döndüklərini bildirmiş və bu haqda "Tashihul-məfəhim", "Hurmatul-ğuluv fid-din", "Təkfirul-muslimin va muadəratu vaqful-unf" kimi kitabları yazmışlar. Həmin qruplaşmaların belə tez bir müddətdə öz yanlış fikirlərindən dönməsi haqda nə deyə bilərsiniz?
Şeyx: Bəzən insan elə bir əməl edir ki, sonradan etdiyinə peşman olur. Haqqa və doğru yola qayıtmaq şərəfdir. Əgər onlar səhvlərini başa düşüb belə əməllərdən əl çəkiblərsə və haqqı bildikdən sonra geri qayıdıblarsa şübhəsiz ki, əməlisaleh bir iş görüblər. Çünki İslam dininə məxsus əməlləri davamiyyətli şəkildə icra etmək istəyən şəxs gərək bütün işlərində hikmətli olsun. Bir qrup adamın, İslam hökmlərinə əsasən hakimiyyət onu idarə edənlərdən alınmalıdır, sözlərinə gəlincə, əvvəla heç bir başçı öz hakimiyyətini kiminsə ələ keçirməsinə yol verməyəcək. İkincisi isə, bu sözdən sonra onlar hər bir İslam sədasını boğmağa çalışacaqlar. Əgər müsəlman, insanları Allahın dininə dəvət etmək istəyirsə, doğru yolu tutmalı və hikmət sahibi olmalıdır. Onu nə vəzifə və nə də hakimiyyət maraqlandırmalıdır. Onun məqsədi özünü və insanları islah etmək olmalıdır.
Sual: Allah sizin savabınızı artırsın möhtərəm şeyx! Bu görüşdən istifadə edib sizə Böyük Alimlər Heyəti ilə bağlı bəzi suallar vermək istərdik. Son vaxtlar bəzi insanların, Böyük Alimlər Heyətinin fəaliyyətinə öz narazılıqlarını bildirdiklərini eşidirik. Baxmayaraq ki, həmin heyətin şeyx Məhəmməd ibn İbrahim, şeyx Şinqiti, şeyx Abdullah ibn Humeyd, möhtərəm şeyx Əbdüləziz ibn Bəzz kimi üzvləri olmuş və hal-hazırda isə siz, möhtərəm şeyx və başqa alimlər kimi üzvləri vardır. Böyük Alimlər Heyətinin fəaliyyəti haqqında nə deyə bilərsiniz?
Şeyx: Elmi əsaslar və şəriət qayda-qanunları üzərində qurulmuş Böyük Alimlər Heyəti, otuz üç il bundan öncə şeyx Məhəmməd ibn İbrahimlə, Allah onu bağışlasın, kral Feysal arasında olan razılaşmaya əsasən təsis edilmişdir. Bu heyət, müxtəlif ölkələrdən olan alimlərdən ibarətdir. Hələ şeyx Məhəmməd ibn İbrahimin sağlığında kral Feysalın dəstəyi ilə heyət ilk fəaliyyətinə başladı. Onun vəfatından bir il sonra artıq heyətin fəaliyyəti haqda elan verildi. Həmin vaxtlar, möhtərəm şeyx Əbdüləziz ibn Bəzz, Allah onu bağışlasın, şeyx Abdulla ibn Məhəmməd əl-Humeyd, şeyx Şinqiti, şeyx Məhəmməd ibn İbrahim Əli Şeyx, şeyx Saleh əl-Ğasun, şeyx Əbdüləziz ibn Saleh və şeyx Məhəmməd ibn Cibrin elmi əsaslar üzərində qurulan və yüksək dəyərləndirilən Böyük Alimlər Heyətinin üzvləri sırasında idilər. Heyətin islah yönlü qərarları və faydalı tövsiyələri vardır. Bu iş, bidət sayılmır. Əksinə onun elmi əsasları vardır. Alimlər keçmişdə də yığıncaqlar və görüşlər keçirirdilər. İbn Abbas demişdir: "Ömərin məclisində istər yaşlı, istərsə də cavan Quran hafizləri iştirak edərdilər." Başqaları isə deyərdilər: "Siz o işlərə fitva verirsiniz ki, Ömər bunun üçün mühacir və ənsarları toplayardı". Bu rəvayətlər, alimlərin fikir mübadiləsi, müzakirələr və müəyyən qərarlar verməsi üçün bir yerə toplaşmalarının şəriətə görə icazəli hesab olunmasına dəlildir. Allah buyurur: "O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər...". Allaha həmd olsun ki, bu heyət şəriətə əsaslanmışdır. Onun qərarları təhsil, məhkəmə və fitva vermə mərkəzlərində uzun müddət çalışan bir qrup dahi alim tərəfindən verilir. Allahdan hamı üçün müvəffəqiyyət diləyirik.
Sual: Allah sizin savabınızı artırsın möhtərəm şeyx! Bəzi insanlar deyirlər ki, nəyə görə Böyük Alimlər Heyəti sentyabr hadisələri baş verdiyi zaman ona öz etirazını dərhal bildirdi və bu haqda bəyanatı gecikdirmədən verdi. Lakin Əfqanıstan və İraq əraziləri ABŞ tərəfindən hücuma məruz qaldığı zaman bu bəyanatlar gecikdirildi. Hətta gecikdirilən bu bəyanatlarda ABŞ-la bağlı heç bir şey qeyd olunmadı. Halbuki Böyük Alimlər Heyəti dünya müsəlmanlarının maraqlarını nəzərə almalıdır.
Şeyx: Böyük Alimlər Heyətinin vəzifəsi haqqı bəyan etmək, müsəlmanlara doğru istiqamət vermək və onları xoşagəlməz işlərdən çəkindirməkdir. Siyasi məsələlərə gəlincə, əksər insanlar onları təhlil etməyə qadir deyillər, hətta bu haqda danışmaq bəzən cəmiyyətin zərərinə olur. Bəyanatın mütləq şəkildə kimisə pisləməkdən və ya kimisə dəstəkləməkdən ibarət olması əsas deyildir. Bəyanatdan məqsəd, hamıya üz verə biləcək fitnə-fəsad işlərə şəriətin tutduğu mövqeni bildirmək və bu yolla düzgün qərarı haqq-ədalət tərəfdarlarına açıqlamaqdır. Müəyyən bir tərəfi xüsusiləşdirərək yalnız onun haqqında danışmaq isə bəyanatın məqsədlərinə daxil deyildir. Hədəf, fitnə-fəsad törədildiyi zaman şəriət hökmlərinin açıqlanması və müsəlmanın bu hadisələr vaxtı nə edəcəyinin ona çatdırılmasıdır. Məhz bu, onun xeyrinə olacaq. Sən kimisə pisləmək və ya mədh etməklə heç nəyə təsir edə bilməyəcəksən. Sənin vəzifən müsəlmanların maariflənməsi üçün İslamın bu fitnə-fəsad əməllərə qarşı tutduğu mövqeni açıqlamaqdır.
Sual: Möhtərəm şeyx! Bəzən belə əməlləri pisləməmək müəyyən insanlarda səhv fikirlər oyadır.
Şeyx: Bu düzgün anlayış deyildir. Kim belə düşünürsə, onun özü qınanmalıdır. Əgər kimsə, müəyyən bir şəxsi pislədiyimə görə məndən razı qalacaqsa, əks halda isə sözümü qəbul etməyəcəksə, o artıq məni ittiham etmişdir. Mənim vəzifəm bütün müsəlmanlara qarşı törədilmiş fitnə-fəsadlar və ya başlarına gələn müsibətlər zamanı şəriətin hökmünü açıqlamaqdan, onları agah etməkdən, oyatmaqdan, səhvlərinin köklərini və həlli yollarını göstərməkdən və s. ibarətdir.
Sual: Din qardaşlarınıza son sözünüz nədir?
Şeyx: Müsəlman qardaşlarıma nəsihət edirəm ki, Allahdan qorxsunlar. Dedikləri sözləri ədalət tərəzisində ölçsünlər və Uca Allahın: "Söz söylədiyiniz zaman ədalətli olun..." kəlamını unutmasınlar. Qərarlarımızın cəhalət və şəxsi istəklər deyil, elmi əsaslar üzərində qurulması üçün əməllərimiz kimi sözlərimiz də ədalətli olmalıdır.
Bu kifayətdir. Allahdan hamımız üçün müvəffəqiyyət diləyirəm. Peyğəmbərimiz Məhəmmədə Allahın salavatı və salamı olsun.
Allah sizin savabınızı artırsın möhtərəm şeyx!
Əziz qardaşlar! Bu bizim, Böyük Alimlər Heyətinin və Daimi Elmi araşdırmalar və fitvalar mərkəzinin sədri, möhtərəm şeyx Əbdüləziz ibn Abdulla Əli Şeyxlə keçirilən görüşümüz idi.
Allah hamımızı Onun sevdiyi və razı qaldığı işlərə yönəltsin. Gələn verilişlərdə görüşənədək.
Allahın salamı, rəhməti və bərəkəti sizə olsun.