Məscidimizin imamı Qamət Süleyman məscidimizin bağlı qalması haqqında bəzi açıqlamalar verdi“Biz sünni-şiə qarşıdurmasının əleyhinə olsaq da, biriləri sünni olduğumuz üçün bizi cəzalandırır”
“Məscidlərin bağlanması Prezidentə qarşı ən böyük təxribatdır”
Dövlətimizi müdafiə etdiyimiz üçün üstümüzə qumbara atırlar, bu tərəfdən də dövlətdə oturan bəziləri bizi ləkələmək istəyirlər”
“Məscidlərin bağlanması məqsədli şəkildə dindarları məzhəblərarası və dinlərarası konfliktə sürükləmək cəhdidir. Bu addımı atanlar qeyri dinlərə qarşı aqressivliyi artırmaq, sünni-şiə qarşıdurmasını Azərbaycana gətirmək istəyirlər”
“Dindarlar partiya üzvləri deyil ki, partiyanı bağlayan kimi dağılsınlar”
“Gəncənin tək sünni məscidinin bağlanmasından ölkə heç nə qazanmayacaq”
“Bəziləri özlərini başqa ölkələrin könlü xoş olsun deyə, “Əbu Bəkr” məscidinin açılmasına mane olurlar”
“Əbu Bəkr” Məscidinin camaatı artıq ikinci ildir ki, bayram namazlarını başqa məscidlərdə qılırlar. Məscidin imamı, Nərimanov rayon Dindarları İcmasının rəhbəri Qamət Süleyman “Yeni Çağ” Analitik İnformasiya Agentliyinin (www.yenicag.az) suallarını qapısında kilid vurulmuş, qapısında vaxtilə yüzlərlə insanın dayandığı “Əbu Bəkr” məscidində qarşıladı. Qapısına qıfıl vurulmuş məscidin həyətində başlayan söhbətimizə “məscidin açılmasına ümidiniz qalıbmı” sualı ilə başladıq...
- Bismillahir Rəhmanir Rəhim. İki Ramazan bayramı öncəsi cənab Prezidentə məscidin açılması ilə bağlı müraciət etdim. Hələki bir cavab yoxdur və bu göstərir ki, müəyyən qüvvələr bizim məscidimizin açılmasını istəmir. Ancaq biz ümidimizi itirməmişik.
- İstintaqa görə, məscidin bağlı qaldığı deyilirdi. Artıq məhkəmə gedir...
- Bilmirəm, bunu bəhanə kimi gətirmişdilər, yoxsa həqiqətən buna ehtiyac var idi, bunu Allah bilir. Biz başa düşürük ki, terror olub. Biz də cəmiyyətin terrorçulardan təmizlənməsini istəyirik. Ancaq terrorçuların məhkəməsi gedir və həmin bəhanə çoxdan ortadan qalxıb. Yəni, məscid çoxdan açılmalı idi. Əgər məscid bu gündə bağlıdırsa, deməli bəziləri bunu istəmir.
- Bəziləri dedikdə kimləri nəzərdə tutursunuz?
- Burada müxtəlif qüvvələr rol oynayır. Ola bilsin ki, bəzi başqa dövlətlərə özlərini yaxşı göstərmək istəyənlər hələ də bizdən qisas alırlar. Yəni, mən “Əbu Bəkr” məscidinin bağlı qalmasında xarici dövlətin istəyini istisna etmirəm. Başqa bir versiya isə dinlə bağlıdır.
- Dinlə bağlı?
- Yəni, sünni olduğumuza görə, biriləri bizi cəzalandırır. Baxın, biz sünni-şiə qarşıdurmasının əleyhinəyik. Ancaq gözlə görünən bir həqiqət var ki, son illərdə sünnilərə qarşı müxtəlif addımlar atılır. Bunu mətbuatın bizə münasibətində də görmək olur. İllah da bizi “biz vəhabiyik” deməyə, məcbur etmək istəyirlər. Məsələn, Gəncədəki əhli-sünnə məscidi bağlanır, hökmən deyirlər ki, o məscid “vəhabilər”indir. Və ya “Əbu Bəkr” məscidi 10 illik fəaliyyəti boyunca nəinki heç vaxt dövlətə qarşı olmayıb, hətta dövlətçiliyimizi müdafiə edib, xəstə təxəyyüllü insanların fitnəsinin qarşısını kəsib. Bizə qarşı terrorun səbəblərindən biri dövlətə qarşı olanlara qarşı olmağımız idi. Dövlətimizi müdafiə etdiyimiz üçün üstümüzə qumbara atırlar, bu tərəfdən də dövlətdə oturan bəziləri bizi ləkələmək istəyir, hələ də bizə inanmırlar. Gah bizi siyasiləşdirmək istəyir, gah da radikallığa sürükləyirlər. Ancaq biz Dini İdarəyə tabe olan, dövlətini və xalqını sevən dindar qrupuq.
- Ard-arda məscidlərin bağlanmasını necə izah edərsiniz?
- Mənə elə gəlir ki, bəziləri namaz qılanların sayının çoxalmasından qorxur. Bu yöndəki bəzi addımlar isə dini liderlərə zərbə vurmaq üçün atılır. Yəni, yüksələn din xadimlərinin reytinqini bununla aşağı salırlar.
- Namaz qılmaq Allaha təslimiyyətdir. Təslim olan insandan qorxulurmu?
- Bu onların dini bilməməsindən irəli gəlir. Onlar dindarlarla necə münasibət qurmağı bilmirlər. Elə bilirlər ki, məscid partiya qərargahıdır və bağlanan kimi batıb gedəcəklər. Halbuki məscid olmayanda dəvət daha sürətli və geniş şəkildə getməkdədir. Əvvəl “Əbu Bəkr” var idi, hər kəs bir yerə toplanırdı. İndi hər tərəfdədirlər. Bu gün məscidimiz bağlıdır. Tək “Əbu Bəkr” deyil, daha sonra başqa məscidləri də bağladılar. Namaz qılanların sayı azaldımı? Bir neçə gün öncə Gəncədə əhli-sünnə məscidinin qapısı qıfıllandı. İnanın ki, bundan sonra Gəncədə dəvət əvvəlkindən daha sürətli şəkil alacaq. Məscidlərin bağlanmasının ən böyük təhlükələrindən biri də radikalizmin artmasıdır. Məscid olanda, insanları doğru yola dəvət edir, dövlətə qarşı radikalizmdən çəkindirirdik. Bu gün isə bizim o imkanımız yoxdur. Əvəzində isə radikal fikirli şəxslər dindarlara daha çox təsir etmə imkanı əldə ediblər. Tutalım, bütün məscidlər bağlandı, evlərə də yığışmağa qoymadılar. İnternetin qabağını necə kəsəcəklər? Bu gün istənilən materialı internetdən endirmək olur. Məscid olmadan bu təhlükənin qarşısına necə keçiləcək? Xüsusilə, yeni dinə gələn insanlar radikal fikirli insanların yönəltdiyi saytlara daxil olurlar ki, bu da gələcəkdə böyük təhlükə yaradacaq. Hesab edirəm ki, məscidlərin bağlanması Prezidentə qarşı ən böyük təxribatdır. Ola bilsin ki, bəziləri yaxşı iş görmüş kimi öyünsünlər ki, bax sünni məscidlərini bağladırıq və dövlətə xidmət edirik. Ancaq heç də faydalı işlə məşğul olmurlar. Əksinə onlar dövlət üçün çox ciddi problem yaradırlar. O da nəzərə almalıyıq ki, biz İran kimi dini dövlətlə qonşuyuq. Digər qonşumuz isə qeyri-stabil Dağıstan və Çeçenistandır ki, orada din adı altında terror hadisələri adi hala çevrilib. Yəni, Azərbaycan Fransa, Bakı da Paris deyil. Kimsə özünü Fransada təsəvvür edirsə, səhv edir. Biz Qafqaz ölkələrindən biriyik. Bizim mədəniyyətimiz fransız mədəniyyətindən fərqlənir. Təhlükəli, bizi sevməyən və dindən sui-istifadə edən qonşularımızın arasında məscidləri bağlayıb, dindarlara təzyiq etmək Azərbaycana qarşı xəyanətdir.
- Talibanı və çeçenləri dəstəkləyən dəstəkləyən xarici internet saytları yazır ki, “Əbu Bəkr” məscidi partladıldıqdan sonra Azərbaycanda cihad meylləri daha da güclənib...
- Radikal qruplara belə səbəblər lazımdır ki, aranı qarışdırsınlar, insanları dövlətə qarşı üsyana sürükləsinlər. Etiraf etməliyik ki, b u gün dövlətin radikalizmə qarşı ideoloji fikir müharibəsi aparan qurumu yoxdur. Maarifləndirmə işi aparan bir qurum varmı, bu sahədə? Belə olan təqdirdə belə hərəkət etmək ancaq vəziyyəti pisləşdirməyə və dövlətə əlavə problemlər yaratmağa xidmət edir.
- Məscid radikallıq mənbəyi sayıla bilərmi?
- Əsla. Mən məscidlərin də başlı-başına buraxılmasının tərəfdarı deyiləm. Məscidlərə nəzarət lazımdır. Ulu Öndərimiz deyirdi ki, din bizim mənəviyyatımızdır. Məscidləri bağlamaqla öz mənəviyyatımıza qarşı gedirik. Bu gün Azərbaycan müsəlmanları arasında belə bir fikir hakimdir ki, tolerantlıq İslam ümmətinə aid deyil. Mən bu fikri təqdir etmirəm, ancaq dindarlarla sıx əlaqədə olduğum üçün bu fikri tez-tez eşidirəm. Namaz qılanlar arasında söhbət gəzir ki, müsəlmanlara qarşı bir hücum başlayıb. Əksinə nəsrani və yəhudilərə şərait yaradılır. Onlar şadlıq evləri alır, kilsələr, sineqoqlar açırlar. Sərbəst fəaliyyət göstərirlər. Ancaq məscidlər bağlanır və dağıdılır. Bu baxımdan radikallar üçün Azərbaycan ən gözəl meydandır.
- Belə olacağı təqdirdə Azərbaycanda terror təhlükəsi yaranarmı?
- Qonşularımızı və şəraiti nəzərdən keçirəndə əminliklə demək olar ki, terrorun olma ehtimalı heç də uzaq deyil.
- Gəncədəki məscidin bağlanmasına sizin orada xütbə söyləmənizin səbəb olduğu deyilir...
- Bu faktor da ola bilər. Ancaq bu da doğru addım deyil. Gəncənin tək sünni məscidinin bağlanmasından ölkə heç nə qazanmayacaq. Orada hər cümə günü 400-500 adam toplaşırdı. İndi bu adamlar harada namaz qılsınlar? Çünki o biri məscidlərə gedəndə müxtəlif söz-söhbətlər yaranacaq. Axı söhbət beş-on nəfərdən getmir. Gəncədəki hansı məscid 400-500 əlavə adamı qəbul edəcək vəziyyətdədir? Bu məqsədli şəkildə dindarları məzhəblərarası və dinlərarası konfliktə sürükləmək cəhdidir. Bu addımı atanlar qeyri dinlərə qarşı aqressivliyi artırmaq, sünni-şiə qarşıdurmasını Azərbaycana gətirmək istəyirlər. Təəssüf ki, bəzi məmurlarımızın təcrübəsizliyi bizi real təhlükələrlə üz-üzə qoyur. Təkrar-təkrar deyirəm ki, dindarlar partiya üzvləri deyil ki, partiyanı bağlayan kimi dağılsınlar. Bu dindir, nə qədər zülmə məruz qalsalar, imanları daha da möhkəmlənir.
Abu Bəkr Məscidi saytında dərc olunmuş məqalə.81
http://www.abubakr-mescidi.com
Məqalənin ünvanı:
http://www.abubakr-mescidi.com/article.php?storyid=562