|
|
|
| <<<    Yanvar 2009 |
| B.e |
Ç.a |
Ç |
C.a |
C |
Ş |
B |
| | | 01 | 02 | 03 | 04 | | 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 | | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | | 26 | 27 | 28 | 29 | 30 | 31 | | | |
|
|
|
| |
52 - ət-Tur ət-Tur (Dağ) surəsi
(Məkkədə nazil olmuşdur, 49 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə! 1 - And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına; 2 - And olsun yazılmış kitaba (Tövrata, Qurana, yaxud bütün ilahi kitablara) - 3 - Açıq dəri üzərində (olan kitaba); 4 - And olsun (mələklərin ibadət etdiyi) Beytülməmura; 5 - And olsun yüksək tavana (uca göyə) 6 - Və dolub daşan (alovlanan) dənizə ki, 7 - Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır! 8 - Onu heç kəs dəf edə bilməz! 9 - O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq), 10 - Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır. 11 - O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına! 12 - O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar. 13 - O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər. 14 - (Onlara belə deyiləcəkdir: ) “Bu sizin (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odudur! 15 - (Vəhyə, Qurana sehr dediyiniz kimi) bu da sehrdir, yoxsa (gözünüz qapanıb onun həqiqət olduğunu) görmürsünüz? 16 - Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir (həmişəlik Cəhənnəmdə qalacaqsınız). Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!” 17 - Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və nemətlər içində olacaqlar. 18 - Rəbbinin onlara əta etdiyi nemətlərdən zövq (ləzzət) alacaqlar. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur. 19 - (Onlara belə deyiləcəkdir: ) “(Dünyada) etdiyiniz yaxşı əməllərin müqabilində nuşcanlıqla yeyin-için; 20 - Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!” Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik. 21 - İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (Cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur! 22 - Onları istədikləri meyvə və ətlə (bol-bol) təmin edəcəyik. 23 - Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının xislətində dünyakından fərqli olaraq) nə lağlağılıq, nə də günaha təhrik vardır. 24 - Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar. 25 - Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar. 26 - Və (söhbət əsnasında) belə deyəcəklər: “Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq. 27 - Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu. 28 - Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (vədinə sadiq) kərəm sahibidir, rəhm edəndir!” 29 - Elə isə (ya Peyğəmbər! Sən müşriklərə) öyüd-nəsihət ver. Sən öz Rəbbinin neməti (nübüvvət və islam dini) sayəsində nə kahinsən, nə də divanə! 30 - Yoxsa onlar (sənin barəndə): “(O) şairdir. Biz (ruzigarın gərdişi nəticəsində) onun başına gələcək müsibəti (ölüb getməsini) gözləyirik!” – deyirlər. 31 - De: “Gözləyin, mən də sizinlə birlikdə (sizin başınıza gələcək müsibəti) gözlələyənlərdənəm!” 32 - Yoxsa onların puç ağılları bunu (bu cür batil sözləri deməyi) onlara əmr edir? Xeyr, onlar azğın bir qövmdürlər. 33 - Yoxsa onlar: “Onu (Quranı) özündən uydurdun!” - deyirlər. Xeyr, onlar (həsədləri, təkəbbürləri və inadları üzündən) iman gətirmirlər. 34 - Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Quran) kimi bir kəlam gətirsinlər! 35 - Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?! 36 - Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar! 37 - Yoxsa (ya Peyğəmbər) sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə) onlar hakimdirlər?! 38 - Yoxsa onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər! 39 - Yoxsa qızlar Onun (Allahın), oğlanlar isə sizindir?! 40 - Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət (mükafat) istəyirsən və onlar ağır borc yükü altındadırlar?! 41 - Yoxsa onlar qeybi bilir və (orada olanı) yazırlar?! (Qiyamətin, axirət həyatının olmadığını oradan öyrənib Muhəmməd əleyhissəlamla mübahisə edirlər?) 42 - Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər! 43 - Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır! 44 - Əgər onlar göyün bir parçasının (başlarına) düşdüyünü görsələr: “Bulud topasıdır!” – deyərlər (özlərinə əzab gəldiyinə inanmazlar). 45 - Elə isə (dəhşətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et! 46 - O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan dəf edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır. 47 - Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir evində) əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz! 48 - (Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et! 49 - Gecənin bir vaxtında nə ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh çağı) da Allahı təqdis edib şəninə təriflər de! (Gün ərzində vacib və əlavə namazları qıl!) |
|
|
| |
| |