| |
75 - əl-Qiyamə əl-Qiyamə (Qiyamət) surəsi
(Məkkədə nazil olmuşdur, 40 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə! 1 - And içirəm qiyamət gününə; 2 - And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!) 3 - Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! 4 - Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik! 5 - Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər. 6 - Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar. 7 - Göz (heyrətdən) bərələcəyi; 8 - Ay tutulacağı; 9 - Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman - 10 - Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. 11 - Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır! 12 - O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur! 13 - O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir! 14 - Doğrusu, insan özü-özünə şahiddir! 15 - O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! 16 - (Ya Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Quranı təkrar etmə, yalnız dinlə!) 17 - Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. 18 - Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. 19 - Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir! 20 - Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz. 21 - Axirəti isə tərk edirsiniz. 22 - O gün neçə-neçə üzlər sevinib güləcək, 23 - Öz Rəbbinə baxacaqdır! 24 - O gün neçə-neçə üzlər tutulub qaralacaq, 25 - (Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır! 26 - Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi, 27 - “(Onu bu bəladan) kim xilas edə bilər?” – deyiləcəyi, 28 - (Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı, 29 - Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman, 30 - Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)! 31 - Beləliklə, o (kafir Əbu Cəhl) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı. 32 - Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi. 33 - Sonra da özünü darta-darta ailəsinin yanına getdi. 34 - Vay sənin halına, vay! 35 - Yenə də vay sənin halına, vay! 36 - Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?! 37 - Məgər o tökülən bir qətrə nütfə deyildimi?! 38 - Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı). 39 - Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı. 40 - Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?! |
|
|
| |