|
|
|
| <<<    Yanvar 2009 |
| B.e |
Ç.a |
Ç |
C.a |
C |
Ş |
B |
| | | 01 | 02 | 03 | 04 | | 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 | | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | | 26 | 27 | 28 | 29 | 30 | 31 | | | |
|
|
|
| |
77 - əl-Mursəlat əl-Mursəlat (Bir-birinin ardınca göndərilənlər) surəsi
(Məkkədə nazil olmuşdur, 50 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə! 1 - And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə); 2 - And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə); 3 - And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara; 4 - And olsun (haqla batili) ayıranlara; 5 - And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara- 6 - (Möminlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki, 7 - Sizə vəd edilən (qiyamət) mütləq vaqe olacaqdır! 8 - Ulduzlar sönəcəyi; 9 - Göy yarılacağı; 10 - Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı); 11 - Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman, 12 - (Belə soruşulacaqdır: ) “(Bunlara) hansı günə qədər möhlət verilmişdir?” 13 - (Həmin suala cavab olaraq deyiləcəkdir: ) “(Haqla batili) ayırd ediləcəyi günə qədər!” 14 - Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?! 15 - O gün vay halına (qiyaməti) yalan sayanların! 16 - Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?! 17 - Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq. 18 - Biz günahkarlarla belə rəftar edirik. 19 - O gün vay halına (qiyaməti) yalan sayanların! 20 - Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?! 21 - Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq, 22 - Müəyyən bir vaxta qədər. 23 - Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz! 24 - O gün vay halına (qiyaməti) yalan sayanların! 25 - Məgər Biz yeri məskən etmədikmi 26 - Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar). 27 - Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik. 28 - O gün vay halına (bu nemətləri) yalan sayanların! 29 - (O gün kafirlərə belə deyiləcəkdir: ) “Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə! 30 - Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!” 31 - O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar. 32 - O (hər biri) bir saray boyda qığılcımlar saçar. 33 - O (qığılcımlar), sanki sarı dəvə sürükləridir. 34 - O gün vay halına (qiyaməti) yalan sayanların! 35 - Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər. 36 - Onlara üzr istəməyə izin də verilməz. 37 - O gün vay halına (qiyaməti) yalan sayanların! 38 - Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür! 39 - (Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək! 40 - O gün vay halına (qiyaməti) yalan sayanların! 41 - Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında, 42 - İstədikləri meyvə içində olacaqlar! 43 - (Onlara belə deyiləcəkdir: ) “(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için! 44 - Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!” 45 - O gün vay halına (qiyaməti) yalan sayanların! 46 - (Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!) 47 - O gün vay halına (qiyaməti) yalan sayanların! 48 - Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar! 49 - O gün vay halına (qiyaməti) yalan sayanların! 50 - (Bu kafirlər) ona da (Qurana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?! |
|
|
| |
| |