|
|
|
| <<<    Noyabr 2008 |
| B.e |
Ç.a |
Ç |
C.a |
C |
Ş |
B |
| | | | | 01 | 02 | | 03 | 04 | 05 | 06 | 07 | 08 | 09 | | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | | | |
|
|
|
| |
78 - ən-Nəbə ən-Nəbə (Böyük xəbər) surəsi
(Məkkədə nazil olmuşdur, 40 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə! 1 - (Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar? 2 - Böyük bir xəbər (qiyamət günü) haqqında! 3 - Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar. 4 - Xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər! 5 - Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər! 6 - Məgər Biz yeri döşək etmədikmi?! 7 - Dağları da dirək?! 8 - Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq. 9 - Yuxunuzu da istirahət etdik. 10 - Biz gecəni (hər şeyi bürüyən) örtük etdik. 11 - Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik. 12 - Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq. 13 - Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq. 14 - (Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki, 15 - Onunla dən və bitki yetişdirək, 16 - Eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar. 17 - Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır! 18 - Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz. 19 - (O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır. 20 - Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir. 21 - Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur! 22 - O, azğınların məskənidir. 23 - Onlar orada sonsuz müddət qalacaqlar. 24 - Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar; 25 - Qaynar sudan və irindən başqa!- 26 - (Dünyadakı əmələrinə) uyğun cəza olaraq. 27 - Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular). 28 - Ayələrimizi də elə hey təkzib edirdilər. 29 - Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik). 30 - İndi (ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq! 31 - Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət), 32 - Bağçalar və üzüm bağları, 33 - Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar. 34 - (Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir! 35 - Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər. 36 - (Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir - 37 - Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar! 38 - Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir! 39 - Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar! 40 - Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir. |
|
|
| |
| |