| |
80 - Əbəsə Əbəsə (Qaşqabağını tökdü) surəsi
(Məkkədə nazil olmuşdur, 42 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə! 1 - (Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi. 2 - Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı. 3 - Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir! 4 - Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir! 5 - (Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə, 6 - Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan). 7 - Onun (küfrdən) təmizlənməsindən sənə nə?! 8 - Yüyürə-yüyürə sənin yanına gələn 9 - Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə, 10 - Sən ondan üz çevirirsən! 11 - Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir. 12 - Kim istəsə, ondan öyüd alar. 13 - (Bu Quran Allah dərgahında) çox möhtərəm (mötəbər) səhifələrdə - 14 - (Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz). 15 - (O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə etibar edilmişdir). 16 - (O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox mütidirlər. 17 - Ölsün (kafir) insan! O nə nankordur! 18 - (Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı? 19 - (Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi. 20 - Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı. 21 - Sonra onu öldürüb qəbrə qoydu. 22 - Sonra da istədiyi vaxt onu dirildəcəkdir. 23 - Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir. 24 - İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik). 25 - Həqiqətən, Biz yağışı bol yağdırdıq. 26 - Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq), 27 - Belə ki, orada dən (dənli bitkilər) göyərtdik; 28 - Üzüm və yonca; 29 - Zeytun və xurma (bağları); 30 - (Ağacları bir-birinə) sarmaşan bağçalar; 31 - (Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik. 32 - (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür! 33 - Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda); 34 - O gün insan qaçacaq öz qardaşından; 35 - Anasından, atasından; 36 - Zövcəsindən və oğullarından! 37 - O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır). 38 - O gün bir çox üzlər parlayacaq, 39 - Güləcək, sevinəcəkdir. 40 - O gün bir çox üzlərə isə toz-torpaq qonacaq, 41 - Onları zülmət (yaxud his) bürüyəcəkdir. 42 - Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır! |
|
|
| |