| |
85 - əl-Buruc əl-Buruc (Bürclər) surəsi
(Məkkədə nazil olmuşdur, 22 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə! 1 - And olsun bürclər sahibi olan göyə; 2 - And olsun vəd olunmuş günə (qiyamət gününə); 3 - And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki, 4 - (Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lənətə düçar olub) qətl edildilər. 5 - O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı. 6 - O zaman onlar (xəndəklərin) kənarında oturub, 7 - (Öz əsgərlərinin) möminlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər. 8 - Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar. 9 - O Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir! 10 - Şübhəsiz ki, mömin kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir. 11 - İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)! 12 - Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir! 13 - Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur! 14 - (Bəndələrini) çox bağışlayan, çox sevən də Odur. 15 - Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur! 16 - O, istədiyini edəndir. 17 - (Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?- 18 - Firon və Səmud (ordularının)? 19 - Xeyr, kafir olanlar (səni və Quranı) elə hey təkzib etməkdədirlər. 20 - Onların bütün ixtiyarı Allahın əlindədir! 21 - Xeyr, o (şer deyil) şanlı-şərəfli Qurandır! 22 - O, lövhi-məhfuzdadır! (Quran Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!) |
|
|
| |