| |
86 - ət-Tariq ət-Tariq (Gecə gələn) surəsi
(Məkkədə nazil olmuşdur, 17 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə! 1 - And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!) 2 - (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?! 3 - (O, zülməti yaran) parlaq ulduzdur! 4 - Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın! 5 - Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın! 6 - O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır. 7 - (O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar! 8 - Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! - 9 - Bütün sirlərin aşkar olacağı o qiyamət günü; 10 - (O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar! 11 - And olsun yağış sahibi olan göyə; 12 - And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki, 13 - Bu (Quran haqla nahaqqı) ayırd edən kəlamdır! 14 - O, oyun-oyuncaq (əyləncə) deyildir! 15 - Həqiqətən, (Məkkə müşrikləri Quranın nurunu söndürmək üçün) hiylə qurdular. 16 - Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm. 17 - Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver! |
|
|
| |