| |
87 - əl-Əla əl-Əla (Ən uca) surəsi
(Məkkədə nazil olmuşdur, 19 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə! 1 - (Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de! 2 - O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı. 3 - O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi. 4 - O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı. 5 - Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi. 6 - (Ya Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan; 7 - Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir! 8 - Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik. 9 - (Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Quranla) öyüd-nəsihət ver! 10 - (Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir! 11 - Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır. 12 - (O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir. 13 - Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!) 14 - (Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. 15 - O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar! 16 - Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz! 17 - Halbuki axirət daha xeyirli və daha baqidir. 18 - Həqiqətən, bu deyilənlər (Qurandan) əvvəlki kitablarda mövcuddur - 19 - İbrahimin və Musanın kitablarında! |
|
|
| |