| |
92 - əl-Leyl əl-Leyl (Gecə) surəsi
(Məkkədə nazil olmuşdur, 21 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə! 1 - And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə; 2 - And olsun işıqlanmaqda olan gündüzə; 3 - And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki, 4 - Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bəziniz Cənnət üçün, bəziniz isə Cəhənnəm üçün çalışırsınız). 5 - Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa, 6 - Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə, 7 - Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik! 8 - Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa, 9 - Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa, 10 - Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!) 11 - (O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz. 12 - Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mömin və ya kafir olmaq isə hər kəsin öz işidir). 13 - Axirət də Bizim, dünya da Bizimdir! 14 - (Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum. 15 - Ora ancaq azğın (kafir) daxil olar. 16 - O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər! 17 - Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar). 18 - O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər, 19 - O şəxsin boynunda heç kəsin bir minnəti (neməti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz). 20 - O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. 21 - And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi nemətlərə görə) razı olacaqdır! |
|
|
| |